Trampın İranla bağlı son açıqlamaları nə vəd edir?

ABŞ Prezidenti Donald Tramp İranla müharibə fonunda Los-Anceles və ya San-Diyeqo kimi şəhərlərdən birinin məhv edilməsinin mümkün olduğunu bildirib.

Tramp Nebraska ştatının Qrand-Aylend şəhərində keçirilən toplantıda deyib ki, İranın ABŞ-a belə bir zərbə endirməsi halında həmin şəhərlərdən birinin itirilməsi ABŞ-ın qələbəsi üçün “kiçik bədəl” sayıla bilər.

O, İranla müharibənin ABŞ-da avtomobil yanacağının qiymətinin artmasına səbəb olduğunu bildirib və bunu təhlükəsizlik naminə ödənilən “kiçik bədəl” adlandırıb.

Tramp İran üzərində “böyük qələbə” qazanmaq istədiyini deyib. Onun sözlərinə görə, belə nəticə ABŞ-ın indiyədək gördüyü işlərin doğru olduğunu göstərəcək.

ABŞ Prezidenti İranın qarşıdurmanı bir müddət də uzada biləcəyini, lakin müharibənin sona yaxınlaşdığını bildirib. O, İranın “ağrıya dözüm həddinin yüksək olduğunu” qeyd edib.

Tramp daha əvvəl yanacağın qiymətinin artmasını İranla müharibə ilə deyil, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri ilə əlaqələndirib. O, bəzi ştatlarda neft emalı zavodlarının bağlanmasına görə ABŞ Demokratlarını da günahlandırıb.

Tramp oktyabrın 1-də Time jurnalına müsahibəsində dünya miqyasında sülhə nail olmaq üçün İranın məhv edilməsinin lazım olduğunu bildirib. O, ABŞ-ın son altı ay ərzində böyük silah ehtiyatları topladığını və Konqres seçkilərindən sonra İrana qarşı hücumların yenidən başlaya biləcəyini də istisna etməyib.

Sentyabrın 30-da isə Tramp İranla bağlı “çox yaxın zamanda” müəyyən hadisənin baş verəcəyini deyib. O, İran iqtisadiyyatının ağır vəziyyətdə olduğunu, ölkənin hərbi-dəniz və hərbi-hava qüvvələrinin, eləcə də hava hücumundan müdafiə sistemlərinin zərər gördüyünü bildirib.

Belə qənaətə gəlmək olar ki, Trampın son açıqlamaları ABŞ-İran qarşıdurmasının daha da genişlənə biləcəyi ehtimalını artırır. 

Müharibənin nə vaxt başa çatacağı və tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı isə hələ məlum deyil.

 

 

Afət

Gununsesi.info