Trampın mediaya savaşı öz siyasi sonu ola bilər -Rəylər

  • By admin
  • 28 Fevral 2017 20:14

tramp

Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp CNN telekanalı və “Nyu York Tayms” qəzetini saxta xəbər yaymaqda ittiham edib.

Tramp bu barədə özünün Tvitter səhifəsində yazıb: “KİV qəsdən həqiqəti demir. Bu da bizim ölkəmiz üçün böyük təhlükədir. “Nyu York Tayms” səhvlər buraxır və bu da onu CNN kimi istehza hədəfinə çevirib. Kədərlidir”.

Qeyd edək ki, CNN, “Nyu York Tayms”, “Politiko”, “Los Anceles Tayms” kimi nəhəng media qurumlarının müxbirləri Ağ Evdə keçirilən son brifinqə buraxılmayıblar.
Bu məsələ dünya mediasında iki istiqamətdə təhlil olunur. Bir fikir belədir ki, Trampın bu addımı digər ölkə rəhbərlərinə, xüsusən də qeyri-demokratik ölkələrə hökumətlərin mediaya təzyiq etməsi üçün mənfi nümunəyə çevrilə bilər. Dünyanın ən demokratik ölkəsində prezident media ilə belə davranırsa, digərləri bu istiqamətdə daha da irəli gedə bilərlər.

Digər bir tərəf isə düşünür ki, ABŞ-ın yeni prezidenti bu addımı ilə əslində öz sonunu hazırlayır. Çünki adı çəkilən media qurumları bütün dünyada ictimai rəyi idarə edir, az qala havanı da müəyyən edirlər. Bu halda Tramp onlara qarşı savaş açmaqla ilk növbədə özünü bitirir.

Mövcud durumu jurnalistika dəyərləri baxımından dəyərləndirən media eksperti Zeynal Məmmədli çox önəmli bir məqama diqqət çəkdi. Onun fikrincə, media artıq müstəqil bir ictimai institut olmaqdan çıxıb və müəyyən siyasi güclərin əlavəsinə çevrilib. Məhz bu səbəbdən Trampın mediaya qarşı addımları ictimaiyyətdə əks reaksiya doğurmur, auditoriya medianın müdafiəsinə qalxmır:

“Məncə bu məsələdə media özü özünə diqqətlə baxmalıdır. Bütövlükdə media dəyərini qorumaq istəyənlər ciddi şəkildə düşünməlidirlər ki, burada əks tərəfi suçlamaqdan çox özlərini günahlandırmalıdırlar. Əgər media Ağ Evə buraxılmırsa, deməli onlar öz nüfuzlarını itiriblər. Cəmiyyətdə bu media qurumlarının Ağ Evə buraxılmamasına razı olanlar da var. Söhbət tək Trampdan getmir, auditoriyadan gedir. Media sanki siyasətin bir əlavəsinə çevrilib. Media ayrıca bir sosial institut kimi yox, hansısa qurumların əlavəsi rolunda çıxış edir. Mediaya bir halda dövlətin və siyasət partiyaların əlavəsi, başqa bir halda kommersiya qurumlarının əlavəsi kimi baxılır. Qorxulu olan Trampın onları Ağ Evə buraxmaması deyil, qorxulu olan budur ki, mediaya o cür münasibət cəmiyyətdə də reaksiya doğurmur. Cəmiyyət tərəfindən xüsusi bir dirənişlə qarşılanmır”.
Ekspertin sözlərinə görə, digər tərəfdən informasiya kommunikasiya texnologiyalarının inkişafı peşəkar medianı çox qəliz duruma salıb: “Sosial medianın təsiri ilə müstəqil medianı müəyyən etmək çox da çətin deyil. Müstəqil media anlayışı da bir qədər mürəkkəbdir. Çünki müstəqillik birbaşa həmin medianın maliyyə müstəqilliyindən asılıdır. 80-ci illərdən fərqli olaraq hazırda media manipulyasiya edilən, ayrı-ayrı qüvvələr tərəfindən yönləndirilən bir vasitəyə çevrilib”.
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Tramp bu addımı ilə Amerika demokratiyasına çox ciddi zərbə vurdu: “Bu Amerika demokratiyasını nümunə götürən dövlətlər üçün də zərbədir. Bir sıra dövlətlərdə, o cümlədən Azərbaycanda mətbuat azadlığından danışarkən Amerikanı misal çəkirdilər. Ancaq indi Amerikanı misal çəkmək də olmur. Bu ölkənin özündə də vəziyyət bərbaddır. Avtoritar rejimlərdə olduğu kimi Tramp deyir ki, bu qəzetə müsahibə verə bilərəm, digərinə verə bilmərəm. Onlar xalq düşmənidir və sair. Sanki söhbət diktatura olan ölkədən gedir. Artıq demokratiyadan danışarkən Amerikanı da kimdə misal çəkə bilməyəcək. ABŞ Konstitusiyasını 300 il əvvəl qəbul edən bu prinsipləri əsas götürüblər ki, insan haqların hörmət edilsin, mətbuat azad olsun. Artıq insan haqlarına da hörmət edilmir, miqrantlara qadağalar qoyulub. Artıq ABŞ hökuməti müttəfiqlərini də bir-bir itirir. Avropa ölkələri belə Amerikadan, Trampın siyasətindən çəkinməyə başlayıblar. Çünki sağa-sola düşünülməmiş açıqlamalar verir. Bu təkcə Trampın özünə deyil, Amerikanın dünyadakı mövqelərinə də ciddi zərbədir”.

Politoloqun sözlərinə görə, Tramp bu əməlləri ilə öz siyasi sonunu yaxınlaşdıra bilər və impiçmentə göndərilə bilər: “Hələ ki, ABŞ cəmiyyəti ə Konqres bu məsələyə reaksiya vermir. Ancaq vaxt keçdikcə bu reaksiyalar olacaq. Xatırlayırsınızsa, ötən əsrin 70-ci illərinin əvvəllərində ABŞ-ın o zamankı prezidenti Nikson da özündən çox razı idi. Hətta demokratlar partiyasının qurultayı ərəfəsində Vaşinqtonda məşhur “Votergeyt” mehmanxanasında dinləyici qurğular yerləşdirmişdi ki, partiyanı dinləsin. O zaman Niksonu istefa verməyə məhz “Vaşinqton Post” qəzetinin iki müxbiri olmuşdu. Onlar məsələni araşdırdılar və hər şey üzə çıxdı. Nikson impiçmentə məcbur oldu. İndi də Trampın dördüncü hakimiyyət üzərində qələbə çalacağını düşünmək sadəlövhlük olardı. Tramp mətbuatla ümumi dil tapmaqdansa, dünyanın ən nüfuzlu media orqanları ilə düşmənçilik edir. Bu anlaşılandır ki, CNN Tramp haqqında yalan məlumatlar yayıb, Klintonu dəstəkləyib və sair. Ancaq belə məsələlərdə şəxsi emosiyalara yer yoxdur. Seçkiqabağı dövrdə belə fikirləri haradasa anlamaq olar. Ancaq indi Tramp bütün amerikalıların prezidentidir. O bu cür media qurumlarını xalq düşməni adlandırırsa, bu onun öz siyasi sonunu yaxınlaşdıra bilər. Həmin mətbuat orqanları bir gün Trampın elə bir səhvini tapacaqlar ki, bu ona baha başa gələcək.

Gununsesi.info