

ABŞ-da prezident seçkilərinin nəticələri və Donald Trampın prezident seçilməsi nəinki Amerika cəmiyyəti üçün, eyni zamanda dünyada ciddi ajiotaja səbəb olub.
Azərbaycanlı politoloqların əksəriyyəti hesab edir ki, Donald Trampın prezident seçilməsi Amerikanın mövcud siyasətində elə də ciddi kataklizmlərə yol açmayacaq və mövcud siyasətə davam edəcək, ciddi dəyişikliklər olmayacaq.
Amerikadakı prezident seçkilərinin yekunlarını şərh edən millət vəkili Zahid Oruc Gununsesi.info-ya açıqlamasında deyib ki, Donald Tramp nə qədər qeyri- standart siyasətçi və dünyagörüşə malik olsa da, bir dövlət başçısı kimi siyasətin məsuliyyəti və ağırlığı, dövlət maraqları onu ciddi qərarlar qəbul etməyə vadar edəcək.
Onun sözlərinə görə, Trampın seçilməsi təkcə dünyada deyil, eyni zamanda, Amerika cəmiyyətində şok bir hadisə olsa da, yaxın zamanlarda proseslər tədricən sakitləşəcək, proseslər öz məcrasında davam edəcək:
“Çünki belə bir hal Amerika cəmiyyəti üçün yeni deyil. Bundan öncə Ronald Reyqan aktyor, Bill Klinton isə saksafonçalan olub. Lakin buna baxmayaraq, onlar prezident kimi fəaliyyətlərində ciddi olublar. Ona görə də Trampın prezident seçilməsi ilə bağlı yaranan bu ajiotaj yaxın zamanlarda sakitləşəcək”.
Millət vəkilinin fikrincə, Amerikanın dövlət maraqları, hər gün masa üzərinə qoyulan məxfi məlumatlar və digər məsələlər onu məsuliyyətli qərarlar qəbul etməyə və addımlar atmağa vadar edəcək.
Rusiya-Amerika münasibətlərinə gəldikdə isə millət vəkili bildirib ki, bu gün Rusiya cəmiyyətində Trampın prezident seçilməsi ilə bağlı sevincli anlar yaşayır və bir nikbinlik ruhu var. “Çünki Obama dövründə Rusiya-Amerika münasibətləri kəskin qarşılıqlı konfrantasiya dövrü olub. Az qala növbəti dünya müharibəsinin başlanacağı ilə bağlı fikirlər səslənirdi. Görünür, təkcə Rusiya cəmiyyəti deyil, eyni zamanda, Amerika da Rusiya ilə kəskin konfrantasiyadan qaçmaq istəyir. Həm Amerika, həm də Rusiya cəmiyyətində belə bir gözlənti var ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması dünyadakı təhlükəsizliyə müsbət təsir edəcək. Bu, eyni zamanda, postsovet məkanında öz təsirlərini göstərəcək”- deyə, Z.Oduc vurğulayıb.
Qarabağ münaqişəsinin həllinə gəlincə, millət vəkili bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözləmir.
Millət vəkili Elman Nəsirov isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı üçün yaxşı imkanlar yaranacaq: “Ona görə ki, Respublikaçılar hakimiyyətdə olduğu illərdə Cənubi Qafqazla bağlı siyasəti xeyli fəallığı ilə seçiliblər və Vaşinqtonun Cənubi Qafqaz regionuna daha böyük maraq var idi”. E.Nəsirov qeyd edib ki, Trampın verdiyi bəyanatlardan çıxış edərək, onun Azərbaycanla bağlı hansı siyasət yeridəcəyini söyləmək mümkündür:
“Tramp çıxışlarında dəfələrlə deyib ki, ABŞ-ın kifayət qədər daxili və xarici siyasi problemləri var ki, onların həlli ilə məşğul olmalıdır, başqa dövlətlərin daxili işlərinə qarışmamalıdır, ayrı-ayrı dövlətlərdə siyasi hakimiyyətlərin dəyişdirilməsi xəttindən imtina etməlidir. Demokratların hakimiyyətdə olduğu 8 il ərzində əks tendensiyalar müşahidə olunmuşdu və ABŞ ayrı-ayrı dövlətlərin, eyni zamanda Azərbaycanın daxili işlərinə qarışmaq siyasəti həyata keçirmişdi. ABŞ sponsorluq etdiyi bir sıra beynəlxalq QHT-lər vasitəsilə bunu etmişdi. Nəticədə ABŞ-da demokratların hakimiyyətdə olduğu illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş əldə edilmədi. Dövlət katibi Con Kerrinin son bəyanatları göstərdi ki, ermənipərəst mövqedən çıxış etmiş demokratların bu problemi həll etmək niyyətləri olmayıb. Hillari Klinton dövlət katibi vəzifəsində olarkən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı Türkiyəyə təzyiq göstərdiyinin də şahidi olmuşduq”. E.Nəsirov hesab edir ki, respublikaçıların hakimiyyətə gəlməsi demokratların buraxdığı səhvlərin təkrarlanmamasına imkan verəcək: “Bunun üçün Trampın kifayət qədər imkanı olacaq. Onun partiyası Konqresin nümayəndələr palatasında, həm də Senatda üstünlük əldə edib. Bu barədə də məlumatlar var. Artıq ali icra hakimiyyəti və ali qanunvericilik orqanının ABŞ siyasətini həyata keçirməsi üçün yaxşı imkanlar yaranır. Ən başlıcası isə Trampın ABŞ-ın ənənəvi demokratiya pərdəsi altında başqa dövlətlərin daxili işlərinə qarışmaq siyasətindən imtina edəcəyi haqqında bəyanatlar səslənib. Məhz elə bu konteksdən yanaşaraq hesab edirəm ki, Trampın prezidentliyi dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar yaranacaq”.
Politoloq Mehman Əliyev də öz növbəsində hesab edir ki, ABŞ-da istər daxili, istərsə də xarici siyasət hər hansı bir şəxsin iradəsi, istəyi və ya baxışı ilə həyata keçirlimir. Onun sözlərinə görə, Amerika avtoritar rejim deyil ki, hansı yolla hakimiyyətə gələn şəxs istədiyini etsin: “Amerika, o, dövlətlərdən deyil. Yəni, biz özümüz belə ölkələrdə yaşayırıq və bizə elə gəlir ki, belə dövlətdlərdə də hakimiyyətə gələn istədiyini edəcək”.
Onun fikrincə, Amerikada uzun illər boyu oturuşmuş bir sistem var və kimliyindən asılı olmayaraq, hər bir dövlət başçısı o sistemə uyğun siyasətini həyata keçirir. “Amerika siyasətinin formalaşmasında təkcə dövlət deyil, eyni zamanda, beyin mərkəzləri, elimi tədqiqat mərkzələri, xüsusi institutlar və vətəndaş sektoru iştirak edir. Bunlar bütövlükdə Amerikanın qısa və uzun müddətli strategiyasını hazırlayırlar”- deyə, politoloq vurğulayıb. O ,deyib ki, Amerikada sonuncu strategiya 2015-ci ildə qəbul edilib və Trampın da həmin strategiyanı dəyişəcəyinə ümid etmir: “Necə ki, Barak Obama Corc Buşun həyata keçirdiyi strategiyanı davam etdirdi, Tram da Obamanın həyata keçirdiyi strategiyanı davam etdirəcək və elə də ciddi dəyişiklik olmayacaq. Mövcud kurs Tramp dövründə də davam edəcək”.
Onun Azərbaycanla bağlı siyasətinə gəldikdə M. Əliyev deyib ki, Amerikanın Azərbaycanla əlaqədar siyasətində dəyişiklik olmayacaq və mövcud kurs davam edəcək.
Rusiya ilə münasibətlərə gəlincə, politoloq deyib ki, bu siyasətdə də dəyişikliyi gözləməyə dəyməz. “Trampın seçki öncəsi səsləndirdiyi populist ritorikası artıq geridə qalan bir prosesdir. Bu, bir seçki ritorikası idi və artıq bunlar bitib. İndi reallığa uyğun olaraq hərəkət ediləcək, həyata keçirilən siyasət davam edəcək. Burada sadəcə, hər mərhələdə yeni hədəflər olur və ona uyğun da siyasət həyata keçiriləcək”- deyə, politoloq bildirib.
Mürtəza
Gununsesi.info