ABŞ-da 2024-cü il prezident seçkilərində Respublikaçı namizəd Nikki Heyli praymerizdən çəkildiyini rəsmən açıqlayıb.
Gununsesi.info bildirir ki, praymerizdə ikinci ən çox səs toplayan Respublikaçı namizəd Nikki Heyli ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Super çərşənbə axşamı” adlanan praymerizləri böyük fərqlə başa vurmasından sonra yarışdan çəkilmək qərarını verib.
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Heyli Cənubi Karolina ştatında keçirdiyi mətbuat konfransında “Partiyamızın daxilində və xaricində onu dəstəkləməyənlərin səsini qazanmaq indi Donald Trampın əlindədir” deyib.
“Böyük ölkəmizdən aldığımız dəstəyə görə minnətdaram, lakin kampaniyamı dayandırmağın vaxtıdır”, – deyə o bildirib. Heyli çıxışında bundan sonra Trampı dəstəkləyəcəyi ilə bağlı heç bir açıqlama verməyib.
15 ştatda keçirilən “Super çərşənbə axşamı” seçkilərində Heyli yalnız Vermont ştatında qalib gəlib, qalan bütün ştatları rəqibi Trampa uduzub.
Gununsesi.info