
ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, dünya fond birjaları və bazarları çalxalayıb.
Trampın qələbəsindən sonra artıq iki gündür ki, birjalarda neftin ucuzlaşması, dollar və qızılın isə bahalaşması ilə müşahidə olunur.İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dow Jones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri üçün fyuçerslər aşağı düşüb, Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb. Yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları1,8 faizədək ucuzlaşıb.
Bu proseslər Azərbaycan iqtisadiyyatına və manatında, təbii ki, təsirsiz ötüşməyəcək. Eyni zamanda nəzərə almaq lazımdır ki, ölkənin valyuta ehtiyatlarının bir hissə ABŞ dövlət kağızlarında saxlanılır. Onların ucuzlaşması Neft Fondunun da aktivlərində zərərlə nəticələnə bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirdi ki, birjaların çalxalanması gözlənilən idi: “Trampın seçilmısindən sonra birjalarda yaranmış vəziyyət gələcəyin mümkünsüz görünməsi ilə əlaqədar idi. Amma düşünmürəm ki, bu uzun bir proses olacaq. 1 həftə-10 gün ərzində birjalardakı çalxalanmalarda susqunluq yaranacaq. Çox güman ki, proseslər Trampın atacağı ilkin bəyanatlarından asılıdır.
Amerika kimi bir dövlətin oturuşmuş sistemi, bəlli hədəfləri var. Prezidentin kimin olmasından asılı olmayaraq, ABŞ həmin hədəflər çərçivəsində öz addımlarını atacaq.
Tramp biznesdən gəldiyi üçün vergilərin azaldılması ilə bağlı bəyanatları olmuşdur. Bunu nəzərə alsaq, o, doğru-dürüst addımlar atarsa, prosesləri pozitivə doğru yönəldə bilər”.
İqtisadçınin fikrincə, birjalarda yaranmış indiki vəziyyət Azərbaycana 2 istiqamətdə təsir göstərə bilər:
“Azərbaycan iqtisadiyyatı olduqca zəifdir və 1 amildən-neft amilindən asılıdır. Manatın məzənnəsi iqtisadiyyata ciddi təsir göstərir. Hələ ki, neftin qiymətində enmələr müşahidə olunur və bu, gələcəkdə davamlı ola bilər. Çünki ABŞ-da neft şirkətləri üçün vergi endiriminin olması və xaricə satışın daha da artırılması ehtimalı var. Bir növ, Trampla daha ucuz neft erası başlaya bilər. Çünki onun ən məşhrur vədlərindən biri neft sənayəsində fəaliyyət göstərən şirkətlərə vergi güzəştlərinin olmasıdır. Bu ehtimallar reallaşsa, təbii ki, neftin qiymətinin ucuzlaşmasına təsir göstərəcək. Nəticədə Azərbaycan gəlirləri azalacaq.
İkincisi, Tramp Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrinin artırılması tərəfdarlarından biri idi. Belə olan halda, FED daha aqressiv faiz artımına gedə bilər.Bu isə dolların bahalaşmasına gətirib çıxara bilər. Birjalarda stabillik yaranandan sonra neftin ucuzlaşması, dolların isə bahalaşması Azərbaycanda həm manatın dəyərdən düşməsi, həm də gəlirlərin azalması istiqamətində təsirləri olacaq”.
Vüsalə Rüstəmova
Gununsesi.info