Trampın təhdidləri Putinin işinə yarayır - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 13 Aprel 2018 17:40

Təqribən 10 gün öncə ABŞ prezidenti Donald Tramp Suriyadan  qonşunlarını çıxaracağı ilə bağlı verdiyi bəyanatdan  bir həftə sonra  Bəşər Əsədin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi iddiası ortaya atıldı.

Bunu əsas gətirərək ABŞ-ın  Bəşər Əsəd və ona dəstək verən ölkələri ciddi cəzalandıracağı  ilə bağlı verdiyi bəyanatlardan sonra  Suriyada və Yaxın Şərqdə yeni situasiya  yaranıb. Çünki Tramp Bəşər Əsədi, onu dəstəkləyən Rusiya və İranı da hədəf seçərək  təhdid etdi. Tramp hətta iki gün öncə  öz “Twitter” səhifəsində Rusiyanın bu ölkədəki hərbi bazalarını da hədəf alacağını bəyan edib. Bununla da ABŞ-Rusiya qarşıdurması öz kuliminasiya nöqtəsinə qalxmış oldu.

Trampın, ümumiyyətlə, son bir ayda Suriyadakı proseslərlə bağlı verdiyi bir-birinə  uyğun gəlməyən bəyanatları istər-istəməz  bir çox sualların  yaranmasına səbəb olub.

İlk olaraq onu demək lazımdır ki,  bu Suriyanın gələcəyi və maraqlarının təmin ediləcəyi, hansı addımların atılacağı ilə bağlı  ümumiyyətlə Vaşinqtonda ardıcıl və yekdil qərarın olmadığını göstərir. Əgər bu  belə olmasaydı, Trampın verdiyi bəyanatlarda müəyyən  məntiqi uyğunluqlar və ardıcıllıqlar olmalı idi. Onun  bir-birinə uyğun olmayan bəyanatlar verməsi Vaşinqtonda  təsir gücünə malik siyasi dairələrdə  Suriya və Yaxın Şərqlə bağlı  fərqli fikirlərin olduğunu göstərir.  ABŞ-ın hərbi elitasını təmsil edən Pentaqonla  Ağ Ev administrasiyası arasında bu məsələdə fikir ayrılığı açıq ortadadır. Ona görə ki, Amerikanın və onun müttəfiqlərinin  bölgədə ciddi maraqları var. İqtisadi və hərbi cəhətdən başda ABŞ olmaqla müttəfiqlərin uzun illərdən bəri bölgədəki  maraqlarını təmin etmədən,  heç nə olmamış kimi nəticəsiz, daha doğrusu uduzulmuş formada  bölgəni iqtisadi cəhətdən  güclü olmayan Rusiya və İrana təhvil verərək getməsi heç cür qəbul edilən deyil. Tramp istəsə belə ABŞ və onun müttəfiqlərinin strateji və milli maraqları buna imkan vermir. Afrin hərəkatında ABŞ və müttəfiqləri müəyyən mənada geri çəkilsə də, Dumada baş verən hadisələr  Qərbə Suriyada mövqelərini yenidən möhkəmlətməyə və situasiyanı xeyirlərinə dəyişməyə fürsət yaratdı.

Bu bir daha göstərir ki,  başda ABŞ olmaqla müttəfiqləri Suriyada maraqlarını  təmin etmək üçün sonadək mübarizə aparacaqlar. Bu baxımdan ABŞ Rusiya qarşıdurmasının daha da gərginləşməsi və dərinləşməsi gözləniləndir. Bu gərginlik hətta böyük olmasa da, kiçik lokal hərbi qarşıdrumlarla müşahidə oluna bilər. Bildiyimiz kimi Trampın Rusiyanın hərbi bazalarını vuracağı ilə verdiyi bəyanatdan dərhal sonra Kreml Tartusdakı hərbi bazalardakı gəmilərin dislokasiya yerindən geri çəkdi.  Odur ki, Moskva Trampın hərəkətlərindən ehtiyat edərək müəyyən təhlükəsizlik tədbirləri görməyə başlayıb. Necə deyərlər Putin Trampla diplomatik, hərbi-psixoloji təzyiqlərdə  baş-başa gəlsə də, açıq toqquşmadan ehtiyat edir.

Lakin burada bir məqamı da unutmaq lazım deyil ki, ABŞ-Rusiya qarşıdurması həm də  Kremlin maraqlarına  cavab verir. Birincisi, bu qarşıdruma nəticəsində dünya bazarında  neftin qiyməti bahalaşdı və neftin  bahalaşması  Rusiyaya ABŞ-ın indiki sanksiyaları dövründə  hava-su kimi lazımdır. Bu yolla Rusiya öz maliyyə problemini həll etmiş olur. Çünki son sanksiyalrdan sonra Rusiya  ciddi maliyyə itkiləri ilə üzləşdi. İndi bu qarşıdurma fonunda neftin  bir neçə dollar bahalaşması hesabına Rusiya bu maliyyə itkilərinin müəyyən qismini bərpa etmək istəyir.

İkincisi, bu  Putinə  Rusiya cəmiyyətinin diqqətini daxili sosial, siyasi və iqtisadi böhrandan yayındırmaq üçün lazımdır. ABŞ-Rusiya qarşıdurmasının şiddətlənməsi  bu baxımdan onun işinə yarayır və bacardıqca bundan bəhərlənməyə çalışır.

 Üçüncüsü, Moskva bu qarşıdurmanı dərinləşdirməklə digər məqsədləri üçün istifadə etmək istəyir. Necə deyərlər Kreml “bulanıq suda balıq tutmaq” istəyir. Yaxın şərqdəki digər maraqlarını təmin etmək və qarşılıqlı maraqların təmin olunması nəticəsində bölgədəki digər  aktyorların əlinə oynamaq istəyir. Kreml yaxşı bilir ki, Tramp nə qədər  sərt formada Rusiyanın hərbi güclərini vuracam desə də, bunu etməyəcək. Hətta belə bir vəziyyət yaranarsa, o zaman  Rusiyaya məxsus bazalar deyil, Əsədə və İrana məxsus hərbi bazalar vurulacaq. Suriyada  Bəşər Əsədin və İranın bazalarının vurulması isə İsraillə, Səudiyyə Ərəbistanı, İordaniyanın maraqlarına cavab verir. Nə qədər qəribə səslənsə də, iqtisadi və hərbi cəhətdən  bölgədəki rəqiblərindən qat-qat zəif olan  İran Yaxın Şərqdəki mövqeləri və təsir imkanları  başda ABŞ olmaqla İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Fransa və Böyük Britaniyadan  üstündür. Bunu İranın rəqibləri etiraf etməkdədir. İranın Yaxın Şərqdə belə mövqeyə sahib olmasını təkcə ABŞ-ın deyil, eyni zamanda İsrail, Səudiyyə Ərəbistanı və İordaniya özünə ciddi təhlükə hesab edir. Ona görə də ABŞ-ın bu müttəfiqləri İranın bölgədəki rolunun zəifləməsi üçün ciddi addımlar atılmasına çalışır. Vəziyyəti bilən Rusiya yaranmış durumdan öz çıxarları üçün faydalanmağa çalışacaq. Buna nə qədər müəyəssər olacaq, onu zaman göstərəcək.

Burada əsas məqamdan biri odur ki, Rusiya bu qarşıdurmadan faydalanıb “Şimal axını-2” layihəsni gerçəkləşdirmək istəyir. Moskva Tehranın  bir sıra geosiyasi məsələlərdə və bölgədəki maraqları nə qədər üst-üstə düşsə də, enerji və iqtisadi maraqların təmin olunmasında fərqlilik var. Rusiya bu yolla  Avropanın İranın enerji  potensialından yararlanmasını əngəlləmək istəyir. Kreml isə əksinə Tehran Vaşinqton qarşıdurmasının dolayı yolla dərinləşməsinə çalışır.

Yenə də Suriyada cərəyan edən son olaylara qayıdaraq deyə bilərik ki, Qərb  Suriya böhranının Astana prosesi çərçivəsində  Moskva, Tehran və Ankaranın aktyorluğu ilə həllinə imkan verməyəcək. Onlar Suriya  böhranın Cenevrə danışıqları çərçivəsində həllinə nail olmağa çalışacaq. ABŞ Suriya böhranının  həllinə daha  çox oyunçu cəlb etməklə situasiyanı öz maraqlarına uyğun istiqamətdə dəyişməsinə nail olmaq istəyir.  Odur ki, ABŞ-ın yaxın gələcəkdə Suriya prosesinə  İsrail, Səudiyyə Ərəbistanı, İordaniya,  Fransa, Britaniyanı cəlb edəcəyini gözləmək olar. Ona görə də yaxın gələcəkdə bölgədə Rusiyadan daha çox İranın, Hizbullahın sıxışdırılmasının şahidi olacağıq. Düzdür, Rusiya da küncə sıxışdırılacaq. Lakin  hədəfdə daha çox İranın olacağını ehtimal etmək olar. ABŞ Rusiyanı sıxmaqla İrana təzyiqlərini artırmağa çalışacaq.

Mürtəza Bünyadlı

Gununsesi.info