Tufana düşən gənclik - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 02 Fevral 2018 16:02

 

Bu gün gənc alpinistlərin dağda itkin düşməsindən 40 gün keçdi

 

Salam dostlar. Sizə məktub yazıram… Amma hardan başlayacağımı, nədən söz açacağımı dəqiqləşdirə bilmirəm. Qarda-dumanda azan, yolunu-yolağasını itirən nabələd yolçuya oxşayıram. Bəlkə də alpinistə də demək olar. Haqqınızda keçmiş zamanda danışmaq istəmirəm, doğmalarınızın dünyası qaralar, əlləri yerdən-göydən üzülər deyə. Hal-əhval soruşmağa da cəsarətim çatmır. Birdən kiminsə xoşuna gəlməz, deyər ki, 40 gündür xəbər-ətər çıxmayan adamlara bu nə suallardır verirsən?

Tamam qeyri-müəyyənlikdəyəm biləsiniz. Amma haqqınızda yazmaq, sizi yada salmaq da tək peşə yox, həm də insanlıq borcumdur. Çünki bu gün sizin bu tufanlı yola çıxmağınızın 40 günüdür. 40 gün eyyy. Dara düşən övladından xəbər gözləyən bir ana üçün 40 gün bilirsiz nə deməkdir? Bu qarda donmaq, odda yanmaq, suda batmaqdır. Bu diriykən ölmək, nəfəs almamaq, boğulmaqdır. Heçmi yazığınız gəlmədi doğmalarınıza, uşaqlar? Bu nə sükutdur çəkib getdiniz? Kimdən küsdünüz? Ailədənmi, cəmiyyətdənmi, özünüzdənmi? Qar kimi bəyaz, ağappaq bir dünya arzuladınızmı? Kaş arzulamazdınız.

Bu dünyada ağ ancaq rəngin adıdır əzizlərim. Mahiyyət qaradır, inanın, qapqara. Əminəm ki, bunun şahidi oldunuz. Can atdığınız o ağappaq yüksəklik sizin və doğmalarınızın həyatını qaraltmadımı? İndi Tufandağın buz yaxasından yapışıb bir silkələyən lazım ki, ver mənim gənc balalarımı. Əllərimlə böyütdüyüm Solar ikən diriltdiyim Çiçəyimi qopardın sən Ellərə verdin…

Dağlar, dağlar Qurban olum yol ver geçəm

Sevdiyimi son bir olsun

Yakından görəm

Sizi bilmirəm, amma mən Barış Manconun “Dağlar” mahnısını çox sevirəm. Təxminən siz yaşda olandan bu mahnı mənim dilimdədir. Bəlkə ona görə ki, doğulduğum kənd kiçik Qafqaz sıra dağlarının arasında qərarlaşıb. Sizin qalxmaq istədiyiniz Tufandağa oxşayan bir Qısır dağ da bizdə var. Başı yayın cırhacırında da qar olar. Həmişə elə bilirdim ki, Barış Manco o mahnını bizim Qısır dağ üçün oxuyub. Bu gün mənə elə gəldi ki, yanılmışam, Barış bu mahnını Tufandağ üçün oxuyub, sizin üçün oxuyub. Kaş Allah möcüzə göstərsin uşaqlar. Kaş Tufandağı tufanlar kimi aşıb gələsiz. Əminəm ki, bunu necə ürəkdən arzulayırsız. Bunu Babur Hüseynov, sənin statuslarından, yaşamaq eşqindən bilirəm. Ötən ilin yayında yazmısan bu statusu. “Şamil Məsimovla Qusarın mərkəzindən Əniq çayın Qusarçaya qovuşduğu yerə kimi (təxminən 21 km) ayaqla gəldik (gecə saat 00:45-dən səhər saat 06:00-dək). Trekking boyu demək olar dincəlmədik, yatmadıq və yemədik. İtlərin yanından keçib yağışa düşdük, Aylı gecədə yürüyüb qaranlıq meşələrə girdik, Böyük Ayı bürcünün altında az getdik, çox getdik, dərə-təpə düz getdik və nəhayət, səhər günəşin ilk şəfəqlərini qarşıladıq, dağlardan əsən sərin meh bədənimizi azacıq titrətdi… Əniq çayı üzərindəki körpüdə eləcə oturmuşduq ki, Şahdağ xizək kompleksinin işçilərini daşıyan mikroavtobus yanımızdan keçdi. Saxladıq, oturduq və kompleksə kimi mikroavtobusla getdik. Ordan da Lazaya təxminən 3,3 km yolu ayaqla düşdük. Səhər 07:15-də artıq Lazanın girişində idik. Məsləhət bilirəm hər kəs yoxlasın belə şeyləri. Elə hər yerə pul verib avtobus və ya maşınla getməyin. Üzərində durduğunuz iki ayağa və iradənizə güvənin. Onlar sizi arzularınızdan da uzaq bir yerlərə götürməyə qadirdilər”.

Kaş iki ayağınız və iradəniz sizi arzularınızdan uzaq yerə götürə biləydi, əziz gənclər. Əminəm ki, o yer ananızın qucağıdır. Allah qovuşdursun!

P.S. Dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə , Hüseynov Babur və Bünyatzadə Namin Qubanın Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və geri qayıtmayıblar.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info