Gununsesi.info xəbər verir ki, Ontario Guelph Universitetinin fiziologiya və zoologiya üzrə professoru George A.Bubenik bizə soyuq olduğunda və ya həyəcan kimi digər hallarda tüklərimizin biz-biz olmasının elmi səbəblərini açıqlayır.
Məsələn, hovuzdan çıxırsınız və həmin anda külək əsir və sizin tükləriniz soyuqdan biz-biz olur. Yaxud da çoxdandır qulaq asmadığınız bir mahnını eşidirsiniz, təsirli bir videoya baxırsınız və eyni hal yenidən baş verir. Bəs bədənimiz niyə belə bir reaksiya göstərir? Bunun səbəbi də məhz hisslərimizin fiziologiyasından qaynaqlanır.
Dərimizdəki tüklərin biz-biz olması təkamül nəticəsində əcdadlarımızdan bizə qalan bir mirasdır. Qədim dövrlərdə əcdadlarımız üçün bu çox yararlı olsa da, müasir insan üçün yararlılıq funksiyasını itirib. Dərimizdəki tüklərin bu formada olmasının səbəbi isə tük köklərindəki miniatür əzələlərin yığılmasından irəli gəlir. Hər əzələnin yığılması dəri üzərində bir təzyiqə səbəb olur və nəticədə tüklər də yuxarı qalxır. Qalın gönlü heyvanlarda bu funksiya onların soyuqdan qorunmasına kömək edir. Tüklər nə qədər çoxdursa, bir o qədər də isinmə prosesi asanlaşır. İnsanlarda isə bu funksiya artıq öz dəyərini itirib, çünki təkamül nəticəsində biz artıq heyvanlardakı kimi tüklərlə örtülü deyilik. Buna baxmayaraq bədənimizdə bu proses öz gücünü saxlamağa davam edir.
Soyuğun təsirindən başqa, heyvanlar hər hansı bir təhlükə ilə qarşılaşdıqda da tükləri biz-biz olur. Məsələn, bir pişiyin üzərinə it hücum etdikdə, bu prosesi açıq-aydın müşahidə edə bilirik. Belə ki, pişik itin hücumuna cavab olaraq, özünü mümkün olduğu qədər böyük göstərməyə çalışır.
İnsanlarda da həyəcanlı anlarda, hər hansı bir qorxulu film izlədikdə və ya qeyd etdiyimiz kimi musiqi dinlədikdə bu hal təkrarlana bilər. Şüuraltı həyata keçən bu reaksiyalara səbəb olan isə böyrəküstü vəzilərimizdən ifraz olunan adrenalin hormonudur. Adrenalin ifraz edildikdə təkcə tüklərimiz biz-biz olmaqla qalmır, əllərimiz tərləyir, göz bəbəklərimiz böyüyür, təzyiqimiz artır və qəlbimiz daha sürətlə döyünməyə başlayır. Qəzəb və ya həyəcan anlarında ifraz olunan adrenalin əslində həm də bizi qoruyan hormondur.
Gununsesi.info