
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı, “New Baku” otelinin dəstəyi ilə iyunun 11-də Lösemi xəstəsi olan 4 yaşlı Rüzgar Məmmədov və ağır Beta Talassemiya xəstəsi 9 yaşli İbrahim Şirinovun müalicəsi üçün xeyriyyə konserti və yardım aksiyası keçirilib. “New Baku” otelində baş tutan tədbirdə Azərbycanın və Türkiyənin tanınmış sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər. Bu haqda məlumatı qurumun mətbuat sözçüsü Ellada Məmmədova verib. Onun sözlərinə görə, TUMİB sədri Çingiz Bayramov Azərbaycan xalqının xeyriyyəçilik missiyasına daim sadiq qaldığını bildirib. Ç.Bayramov deyib ki, bu ənənə indi də davam edir. Azərbaycanının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həmişə əlil və xəstə uşaqları himayə etdiyini vurğulayan TUMİB sədri hər bir Azərbaycan vətəndaşının bu prosesə töhfə verməli olduğunu bildirib. Natiq maddi və mənəvi dəstəyə ehtiyacı olan Rüzgar Məmmədov və İbrahim Şirinovun xeyrixah insanların köməyi ilə tezliklə öz sağlamlıqlarına qovuşacağına inandığını deyib Tədbir Azərbaycan və Türkiyənin tanınmış sənət adamlarının maraqlı ifaları, “Kamerton” rəqs qrupunun çıxışları ilə davam etdirilib. Türkiyənin məşhur opera ifaçısı Oya Ergün, Azərbaycanın əməkdar artisti Ədalət Şükürov,TUMİB üzvü, müasir estrada ifaçısı Sənan Nağı, Azərbaycan aşıq sənətinin mahir ifaçıları Fəzail Miskinli və İlham Əsgəroğlu maraqlı çıxışları ilə gecəyə rəng qatıblar. Əldə edilən vasait 4 yaşlı Rüzgar Məmmədov və ağır Beta Talassemiya xəstəsi 9 yaşli İbrahim Şirinovun müalicəsi üçün hesaba köçürüləcək.
Gülnaz Qənbərli