“Türk dövlətlərinin Qarabağın bərpasında və qurulmasında iştirakı həm rəmzi mənaya malikdir, həm də türk dünyasının yenidən inkişafı və dirçəlişini simvollaşdırır. Müharibənin gətirdiyi dağıntılara son qoymaqla, bu proses türk əsrinin və türk dünyasının başlanğıcını, eyni zamanda dünyanın əsas güc mərkəzlərindən birinin formalaşmasının rəmzi mənasını daşıyır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib:
“Türk cümhuriyyətləri Qarabağa ciddi yardımlar göstərmiş və töhfələr vermişdir. Burada həmçinin geosiyasi aspektləri də nəzərə almaq lazımdır.
Müharibə dövründə bizə diplomatik və mənəvi dəstək verən türk ölkələri, etnik və milli kimliyi ortaq qardaşlarımız, Qarabağın dirçəlməsində də bizim yanımızdadırlar.
Türk dünyasının sülh və təhlükəsizlik baxımından yanaşsaq, hazırda çoxqütblü dünyaya və yeni dünya düzəninə keçid dövründə, türk dövlətləri təşkilatı timsalında yeni bir beynəlxalq təşkilatın üzə çıxması baş verir. Bu təşkilatda bütün resurslar və hərbi potensiallar mövcuddur. Artıq türk dövlətləri təşkilatının hərbi aspektinin necə olacağı barədə ciddi müzakirələr başlanmışdır. Yumşaq güc – ortaq milli kimlik, dəyərlərimiz, tarixi və mədəni birliyimiz – mövcud idi, ancaq indi hərbi gücün də ortaya qoyulması vaxtıdır.
Çünki beynəlxalq təhlükəsizlik sistemində yaşanan böhranlar – Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki gərginlik – türk dünyasının ətrafında ciddi silkinmələr və tektonik dəyişikliklər yaradır. Buna görə hərbi təhlükəsizlik baxımından da düşünmək vacibdir.
Ən önəmli məqam resurslardır: neft, qaz, uran və qızıl yataqları, strateji əhəmiyyət kəsb edən su və taxıl resursları türk dünyasında mövcuddur. Keçən il Fransa prezidenti Makron Qazaxıstana səfər edərək oradakı uran yataqları ilə bağlı türk dövlətləri təşkilatına diqqət göstərmişdir. Bu, Avropanın ən böyük iqtisadiyyatı olan Fransanın atom-elektrik stansiyalarının uran resursları olmadan işləyə bilməyəcəyini göstərir.
2025-ci ildə türk dövlətləri təşkilatının coğrafiyasında ümumdaxili məhsul 2–3 trilyon dollar səviyyəsindədir. Bu, təşkilatın yeni bir iqtisadi yüksəliş dövrünü yaşadığını göstərir və Avropa İttifaqı ilə müqayisədə ciddi potensialı simvollaşdırır. Təsadüf deyil ki, Avropa tərəfi – məsələn, Macarıstan da, bu təşkilatda müşahidəçi statusuna malikdir və yaxından iştirak etməyə çalışır”.
Şəbnəm













