Tural Müseyibov: “Şeirimə Əməkdar artist Aygün Bəylər mahnı bəstələyib” – MÜSAHİBƏ

  • By arzu
  • 14 Yanvar 2020
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov Sonxeber.az-a müsahibə verib.

Gununsesi.org həmin müsahibəni təqdim edir:

-Öncə istərdik ki, oxucularımız Tural bəy haqqında daha ətraflı məlumat əldə etsinlər. Odur ki, bir qədər özünüz barədə danışmağınızı xahiş edirik.

– 1980 – ci il avqustun 23-də Bakı şəhərində doğulmuşam. Ailədə 2 qardaşıq. Qardaşım məndən 8 yaş balacadır. Əvvəllər qardaşım da mətbuat sahəsində çalışıb. Lider TV, İTV-də işləyib. İTV-də xəbər aparıcısı olub. Hazırda başqa bir sferada çalışır. Atamı 2 ildir itirmişəm. Atam SSRİ dövründə Mənzil Kommunal Təsərrüfat Nazirliyində baş müfəttiş, nəzarət-təftiş şöbəsinin rəhbəri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra uzun illər Bakı Şəhər İcra Hakimiyyətində Mənzil-Kommunal Təsərrüfatı Departamentində baş müfəttiş, nəzarət təftiş şöbəsinin müdiri, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində sektor müdiri, FHN Layihə İnstitutunda direktor müavini vəzifələrində çalışıb. Atam maliyyəçi olub. O, hər zaman çalışıb ki, mən də bu sahədə çalışım. Hər zaman dostlarına da deyirdi ki, Tural sizin yanınızda olsun, maliyyə ilə maraqlansın. Amma mən o sahəyə bağlana bilmədim. Mənim diqqətimi mətbuat və televiziya çəkdi. Anam evdar qadındır. Mən Nəsimi rayonunda yerləşən Abdulla Şaiq adına 54 saylı orta məktəbdə oxumuşam. Məktəbdə oxuduğum zaman bədii tədbirlərin aparıcısı olmuşam. Mənim məktəb illərim keşməkeşli dövrə təsadüf edib. 1989-ci ildə artıq Topxana meşələrinin dağıdılması, erməni fitnə fəsadı barədə mütəmadi söhbətlərin şahidi olurdum. 1990-cı il yanvar hadisələrini evimizin içində hiss etdik. Fərizə, İlham və bir çox şəhidlərimiz 54 saylı məktəbin məzunu olmaqla yanaşı, həm də bizə çox yaxın ərazidə yaşayırdılar. Evimiz 20 yanvar qırğınlarının baş verdiyi “Şamaxinka” deyilən ərazinin bir neçə addımlığında idi. Yanvarın 20 – si səhər atam əlimdən tutub mənə qanlı küçələri göstərdi. Bu günə kimi güllələnən binaları, dağılan əraziləri, o zaman “Şamaxinka”da yol ayrıcında dayanan tankları, əsgərləri, əzilən maşınları, Təcili Tibbi Yardım avtomobilləri ilə daşınan şəhidlərimizi xatırlayıram. Hər yer qan içində idi. Atam dedi ki, hadisəni gör və unutma. Unutma ki, illər sonra övladlarına bu hadisəni kitablarla yox canlı şahid kimi təbliğ edəsən. Atam risk edirdi. Ara sıra atəş səsləri eşidirdik. Amma o gün bir başqa idi. Heç kim qorxmurdu. Düşmən əsgərinin üzünə nifrətlə baxırdı hamı. 10 yaşı tamam olmayan övladı ilə əsgərlər arasında açıq aşkar, gizlənmədən, qorxmadan düşmənə nifrət təbliğ edə biləcək qədər güclü idi insanlar. Biz bu cür böyüdük. Məktəblərdə dərs yox idi. Məktəbə gəlib pioner qalstuklarına od vurduq. Daha sonra isə hakimiyyət çevrilişləri, torpaq itkiləri. Çox ağrılı bir uşaqlıq yaşamışıq.
Məktəbimizdə keçirilən mühüm tədbirlərin aparıcısı olmuşam. Az yaşlarımda o zaman fəaliyyət göstərən Qazax Xeyriyyə Cəmiyyətinin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirinin də aparıcısı olmuşam. 1993-1994-cü illər olardı. Bakıda 46 saylı məktəbdə keçirilən Ümumrespublika şeir müsabiqəsində 1 – ci yerə layiq görüldüm. Mən və Xocalıdan olan bir qız qalib oldu. Xatirimdədir bizə 500 rubl pul mükafatı da verdilər. İndi də bəzən olur şeir yazıram. Vahid Əziz və Nəriman Həsənzadə ilə çox yaxşı münasibətlərim var. Bir şeirimə Əməkdar artist Aygün Bəylər mahnı bəstələyib.