Turizm şirkətləri Azərbaycanın imicinə ciddi zərbələr vururlar - TARİXÇİ ALİM

  • By admin
  • 29 Avqust 2017 15:04
2017-06-20-00-48-1514
Azərbaycana turist axını çoxaldıqca bir çox eybəcərliklər də üzə çıxır. Bəlli olur ki, Azərbaycanın kömrük sistemində və turizm şirkətlərində, restoranlarda çalışanların turizm mədəniyyətindən xəbərləri yoxdur. Bunları yalnız pul maraqlandırır”. 
Gununsesi.info xəbər verir ki, bunu tarixçi alim, tarix elmləri üzrə fəlsəfə doktoru Dilavər Əzimli öz “facebook” səhifəsində yazıb. 
Onun sözlərinə görə, bu günlərdə İrandan gələn tanışları ona elə şeylər danışdılar ki, dəhşətə gəlib: “Kömrük işçiləri özlərini lap dilənçi kimi aparırlar. Onlar İrandan bura gələn turistlərlə yalnız pul qazanmaq baxımından davranırlar. Bunlara demək lazımdır ki, güneydə 40 milyona yaxın azərbaycanlı yaşayır. Onların hər biri Bakını görmək istəyir. Bundan əlavə, farslar, gilanlılar, mazandaranlılar, bəlluclar, kürdlər də böyük həvəslə bura gəlirlər. Kömrük işçiləri onlarla mədəni davranmaq əvəzinə, zənbillərini sayır və onlara “ilişmək” üçün bəhanələr axtarırlar”. 
Turist şirkətlərinin fəaliyyitənindəki nöqsanları qeyd edən tarixçi alim bildirib ki, ən maraqlı proseslər turizm şirkətlərində gedir: “Bu şirkətlər hələ turizm mədəniyyətindən çox uzaqdırlar. Onlar bura gələn turistlərin hüquqlarını qoruya bilmirlər. Bundan istifadə edən Bakıda və rayonlarda olan restoran müdirləri “şirə” dönürlər. Bir ərəb turisti görən kimi alıcı quş kimi üstlərinə cumurlar. Bir kababı onlara dəyərindən qat-qat bahasına sırıyırlar. Dinəndə də bağırırlar ki, biz filankəsin adamlarıyıq. Turistlərə cavabdeh turizm şirkətləri də onları müdafiə mövqeyini tuturlar”.
O əlavə edib ki, əksəriyyət ərəb ölkələrində olub. “Oralarda yalnız yüksək mədəniyyət görmüşəm. Hətta parkları tozsoranlarla təmizləyirdilər. Ərəblər çox təmizkar insanlardır. Amma “facebook” səhifələrinə elə şəkillər yerləşdirirlər ki, düzü məəttəl qalıram. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Bu da Azərbaycanın imicinə ciddi zərbələr vurur”- deyə, vurğulayıb. 
D.Əzimli bildirib ki, dünyada turizm həm də ona görə inkişaf edir ki, həmin ölkələrdə ona dövlət üçün əhəmiyyətli sahə kimi yanaşırlar: “Heç olmasa Türkiyə nümunəsinə baxın. Orada turizm mədəniyyəti çox yüksək səviyyədədir. Bizdə hər şeyi yalnız pula qurban verirlər. Düzü, anlaya bilmirəm ki, biz hansı dinə, imana qulluq edirik? XXI əsrin ortalarına doğru gedirik. Amma bizi elə dəyişiblər ki, insanlıq deyilən məfhumu anlamaq üçün yüz illər lazım gələcəkdir!” 
Mürtəza 
Gununsesi.info