Rəşad Məcid: Türk Dövlətləri Təşkilatına himn lazımdır

  • Müəllif: Orxan
  • 16 Sentyabr 2026 13:37

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid Türk Dövlətləri Təşkilatının (TDT) himninin yaradılması təklifini irəli sürüb.

Gununsesi.info-nun xəbərinə görə, Rəşad Məcid bildirib ki, vaxtilə arzusu olan Türk Dövlətləri Təşkilatının bu gün fəal fəaliyyət göstərməsi və müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirməsi diqqətəlayiqdir.

Onun sözlərinə görə, TDT-nin keçirdiyi tədbirlərdə adətən ev sahibi ölkənin dövlət himni səsləndirilir.

O hesab edir ki, bununla yanaşı, təşkilatın öz himninin də olması məqsədəuyğun olardı.

“Birdən ağlıma gəldi ki, Türk Dövlətləri Təşkilatına bir himn lazımdır və onun keçirdiyi tədbirlərdə yerli ölkənin himni ilə yanaşı, bu himn də səslənsə, çox gözəl olardı”, – deyə Rəşad Məcid qeyd edib.

Rəşad Məcid təklif edib ki, TDT bu məqsədlə beynəlxalq müsabiqə elan etsin.

Onun fikrincə, müsabiqəyə Türk dünyasının müxtəlif ölkələrindən şairlər, bəstəkarlar və digər yaradıcı şəxslər qatıla bilər.

Rəşad Məcid belə bir müsabiqənin Türk dünyasının yaradıcı insanları arasında həm maraqlı rəqabət, həm də yaradıcılıq mübadiləsi yaradacağını vurğulayıb.

“Məncə, bu arzumuz da reallaşacaq”, – deyə o əlavə edib.

Orxan

Gununsesi.info