Türkiyədə mərkəzi İstanbulda olan 9 vilayətdə mütəşəkkil cinayət əməliyyatı keçirilib.
Gununsesi.info xəbər verir ki, Türkiyənin daxili İşlər Naziri Ali Yerlikayanın verdiyi məlumata görə, beynəlxalq narkotik alverçisi, “Türk Eskobar” ləqəbli Urfi Çetinkayanın rəhbərlik etdiyi silahlı mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən “Qəfəs-44” əməliyyatında 42 nəfər saxlanılıb.
Əməliyyat üçün Almaniya, Hollandiya, İspaniya və Yunanıstan da daxil olmaqla 11 ölkə ilə də əməkdaşlıq qurulub.
Şübhəlilərin Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda ələ keçirilən 13 ton, Türkiyədə isə 24 ton narkotik vasitəyə görə məsuliyyət daşıdığı müəyyən edilib.
Nəzarətə alınanlar arasında Rüstəm və Hakan Çetinkaya ilə yanaşı, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan bir şübhəli də var.
Şübhəlilərin beynəlxalq narkotik ticarəti ilə məşğul olduqları və cinayət törətmək üçün silahlı təşkilat yaratdıqları da bildirilib.
Urfi Çetinkaya 2000-ci ildə “Matador” adlı əməliyyatla tutularaq həbs edilib, lakin 2003-cü ildə sərbəst buraxılıb.
“Son Tanqo” adlı əməliyyatda yenidən həbs edilən Çetinkaya bu dəfə 2012-ci ildə səhhətinə görə həbsdən çıxıb.
Əməliyyat zamanı polisin “saxla” xəbərdarlığına tabe olmayaraq qaçmağa çalışarkən vurulan Çetinkaya əlil arabasında həyatına davam edir.
“Narkotik ticarəti” cinayətindən qırmızı bülletenlə axtarışa verilən və 24 il həbs cəzası alan Urfi Çetinkaya ötən il İstanbulun Sarıyer qəsəbəsində bir ünvanda keçirilən əməliyyat zamanı tutularaq həbs edilib.
Çetinkayanın yeri hər gün gizləndiyi villaya gedən fizioterapevt sayəsində müəyyənləşib.
Gununsesi.info