Türk həkimin dedikləri İngiltərəni hərəkətə keçirdi: “Türkiyəyə xəbərdarlıq edəcəyik”

  • By admin
  • 27 Yanvar 2024 14:01

Son zamanlar dünyada sağlamlıq turizmi üçün ən əhəmiyyətli istiqamətlərdən birinə çevrilən Türkiyə ilə İngiltərədə müzakirələr hələ də gündəmdədir.

Gununsesei.info xəbər verir ki, mədə əməliyyatı üçün kökəlməyi məsləhət görən BBC-nin kameralarına tuş gələn türkiyəli həkim İngiltərə səhiyyə qurumlarını hərəkətə keçirib.

Qlazqoda çəkilən kadrlarda ingilislərə “sağlamlıq paketi” satmağa çalışan türk həkim O.Ş., jurnalist kimliyini gizlədən qadın müxbirə “Arıqlamaq üçün əməliyyat olunmaq üçün bədən kütlə indeksinizi artırmalısınız, ona görə ləzzətli yemək yeyin” məsləhətini verir.

BBC-yə danışan bir səhiyyə mütəxəssisi belə bir əməliyyatın tövsiyə edilməsinin qeyri-etik olduğunu desə də, xəbərlər bu cür əməliyyatların geri dönməz nəticələrə səbəb ola biləcəyinə diqqət çəkib.

Hadisə İngiltərədə müzakirələrə səbəb olarkən, “British Medical Council” gizli kameraya düşən türk həkimlə bağlı Türkiyə ilə əlaqə saxlayacağını açıqlayıb. Baş Tibb Şurasının sözçüsü BBC-yə “Bu hadisə ilə bağlı Türkiyə Səhiyyə Nazirliyi ilə görüşməyi planlaşdırırıq. Görüntülərdəki şəxslə bağlı xəbərdarlıq edəcəyik” deyib.

Milli Bariatrik Cərrahiyyə İnstitutunun prezidenti Ömər Xan zərurət olmadıqca bu cür əməliyyatların edilməməsi lazım olduğunu bildirib. “Bu məsələ ilə bağlı çox ciddi narahatlığım var. Sözügedən şəxsin davranışı qətiyyən qeyri-etikdir”, – deyə o əlavə edib.

Şotlandiyanın səhiyyə orqanları da ictimaiyyəti İngiltərədə lisenziyası olmayan həkimlərin tövsiyələrinə diqqətli olmağa çağırıb.

BBC xəbərlərində Türkiyə xəstəxanası daha əvvəl məsələ ilə bağlı açıqlama yayıb: “Biz xəstəxanamızın beynəlxalq qaydalara və ya meyarlara cavab verməyən xəstələri cərrahiyyə əməliyyatı üçün qəbul etməsi ilə bağlı iddianı tamamilə rədd edirik. Xəstəxanada olarkən tam və hərtərəfli sağlamlıq yoxlanışı aparılır”.

Gündəmə gələn türkiyəli həkim xəstəni kökəlməyə təşviq edən açıqlamalar verməsi iddiasını da təkzib edib.

Gununsesei.info