Türk lirəsi dəyərdən düşür - Vəziyyət GƏRGİNLƏŞƏCƏK

“Türkiyə lirəsinin ABŞ dolları qarşısında birdən-birə bu qədər dəyərdən düşməsi uzun müddətdir ki, gözlənilirdi”.

Bunu Publika.az-a söyləyən keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov əsas səbəblərindən birinin Türkiyə iqtisadiyyatında baş verən proseslərlə bağlı olduğunu diqqətə çatdırdı.

HTML tutorial

Onun sözlərinə görə, dövlət xərclərinin artması da lirənin ucuzlaşmasına təsir edən əsas amillərdən biridir:

“Bu xərclər reallıqdan, yəni Türkiyə dövlətinin daşıya biləcəyi yükdən daha yüksəkdir. Hərbi xərclərin sürətlə artması isə problemi daha da dərinləşdirir. Bunların fonunda da lirənin ucuzlaşması baş verir. İlin sonuna doğru vəziyyət daha da gərginləşəcək”.

Son dövrlərdə Türkiyənin dünya siyasi səhnəsində çəkisinin artdığını söyləyən F.Yusifov qeyd etdi ki, bu da bəzi qüvvələr, eləcə də Qərb dövlətləri tərəfindən qısqanclıqla qarşılanır:

“Bu fonda da qardaş dövlətə qarşı müəyyən sıxıntılar yaradılır. Ankaranın Moskva ilə yaxınlaşması da belə problemlərin yaranmasında başlıca rol oynayır”.

Türkiyənin Azərbaycan üçün bir çox məsələdə, mühüm əhəmiyyətə malik olduğunu söyləyən keçmiş nazir vurğuladı ki, bu ölkələr arasında ticarət əlaqələr çox yüksəkdir:

“Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyə birinci yerdədir. Buna görə də lirənin ucuzlaşması fonunda baş verənlər rəsmi Bakını ciddi düşündürməlidir. İndidən alternativ tədbirlər görülməlidir ki, qardaş ölkədə baş verənlər bizim iqtisadiyyatımıza və milli valyutamıza təsir etməsin”.

Xatırladaq ki, Türkiyə lirəsi dollar qarşısında ucuzlaşaraq rekordunu yeniləyib. Dollar/TL məzənnəsi 18.17 məzənnəsini keçərək 18.1750 lirəni görüb. Bu isə 2022-ci il üzrə ən yüksək göstəricidir.

Gununsesi.info