Biz azərbaycanlıları faciələrə sürükləyəcək ən böyük xəstəlik siyasi dinçilikdir. Burada səmimi dini inanclara sahib olmaqdan söhbət getmir ha… Səmimi İslam inancında Allahını tanıyırsan, Kitabını, peyğəmbərini referans alırsan və yaşamağın təkcə sənin deyil, başqa cür düşünən hər kəsin haqqı olduğunu qəbul edirsən.
Ən başlıcası isə ümmətçiliyini Vətənindən və xalqından ucaya qaldırmırsan. Yoxsa bu dini özün üçün maska kimi istifadə edib irançı, ərəbçi zehniyyətin sahibi kimi yaşayacaqsansa, sevə bilməyəcəksən öz Vətənini, xalqını…Səbəb sadədir: İranda, İraqda, Ərəbistanda, Türkiyədə hansısa ruhanidən mənəvi asılılığın varsa, onların sənin Vətəninlə, xalqınla bağlı aldığı din görüntülü siyasi qərarların da mexaniki icraçısına çevriləcəksən.
Hədsiz milliyətçiliyin də, etnik separatçılığın da müəyyən təhlükələri ortaya çıxa bilər, lakin bunların ideya zəmini bəsit olduğuna görə dövlətlə savaş aparmağa qadir olmurlar. Bizdə milliyətçilərin böyük əksəriyyəti bilgisiz, separatçıların isə xarici dəstək olmadan varlığını sürdürməsi mümkünsüz olduğundan dövlətə elə də zərər vura bilmirlər.
Burada erməni separatçılığı istisnadır, çünki bu bilavasitə xarici dəstəyin hesabına tarix boyu mövcudluğunu sürdürə bilmişdir. Savadlı, bilgə milliyətçilik əslində dövlətin görünməyən əsas dayağı ola bilər, ancaq nə yazıq ki, bizdə milliyətçidən çox, onu rol olaraq oynayan siyasətçilər, ictimai şəxslər var və bu da ideyanın faydalılığına illərdir zərər gətirirlər.
Dövlətimiz və cəmiyyətimiz üçün ən faydalı insan, özünü necə tanımağından asılı olmayaraq sağlam düşünən insandır. Hər kəsin mühakiməsində səmimiyyəti, dürüstlüyü, yaxud da əksinə hoqqabazlığı, yaramazlığı sezmək anlayışlı insanlar üçün elə də çətin olmaz.
Lakin ağlını beyin yarımkürəsinin içində gizlətmiş adamlar üçün əsas məsələ hansısa bir idol yaratmaqdır və bu yemi verənin fitinə uçan göyərçinlər kimi mövcudluqdan həzz alırlar.
İndi də cəmiyyətimizdə başqa bir xəstəlik simptomları təhlükəli şəkildə qabarmaqdadır. Adı qısa və konkret: Erməniçilik. Bəli, məhz erməniçilik. Şüarı da belədir: “Erməni bizə nə edibsə, biz də onlara qarşı eynisini etməliyik”. Bunlar Azərbaycan milliyətçisi rolu oynayan tipik erməniçilərdir. İndi əsas işimiz məhz bu xəstəlikdən cəmiyyətimizi qorumaqdır.
Baxın, dövlətimiz Qarabağı tam azad edib, erməni elliklə köçüb torpaqlarımzdan gediblər. Avropada qərarlar qəbul edirlər ki, onları geri qaytarsınlar, ancaq yaxşı bilirik ki, hətta ən konfort şərait yaratsan belə, onların böyük çoxluğu məhz azərbaycanlı ilə yaşamamaq hikkəsinə görə geri qayıtmayacaqlar. Demək ki, buradan bir problemimiz yox.
Dövlətimiz burada qalan əhəmiyyətsiz sayda ermənini vətəndaş bünyəsi içində normal yaşama cəlb edəcək ki, kənardan kimlərsə onları bəhanə edib Azərbaycanın xarici əsəblərini vaxtaşırı korlamasın. Dövlət əl çatan bütün terrorçuları mühakimə etməyə gətirib, ərazidəki sülhməramlıların artıq iştirakçı kimi deyil, müşahidəçi kimi qalmasını təmin edib, beynəlxalq səviyyədə də öz tələblərinə uyğun olmayan dünya güclərinin formatlarında iştirakdan imtina edəcək qədər bir iradə ortaya qoyub.
Bu qədər böyük qələbə, inanılmaz uğurdan, yaradılan yeni tarixdən lazımınca zövq almayan bu erməniçilər bilirsiniz nədən təsəlli tapırlar? “Qarabağ alınmağına alınıb e, ancaq bir erməni olsaydı söyərdim, döyərdim, mən də həzz alardım”.
Bu adamlara deyirsən ki, həm də yüz minlərlə erməninin qarşısına dövlət siyasətimizə uyğun olaraq bir neçə erməni obrazı tapıb çıxaraq və bizi “etnik təmizləmədə” ittiham edən və bundan sonra da edəcək gücləri bəhanəsiz qoyaq, adam şəhidlərimizin, qazilərimizin, qaçqınlarımızın duyğularını manipulyasiya edərək, buna gərək olmadığını söyləyir.
Məgər bizə bir qalib xalq kimi gələcəkdə qonşu olaraq yaşayacağımız ermənilərə, içimizdə yaşayacaq az sayda erməni əsilli vətəndaşlarımıza erməni işğalını, separatçılığını lənətləyən, Azərbaycanın suveren haqqını tanıyan və bunun üçün əziyyətlərə düçar olmuş bir erməninin adını haradasa qabartmamız hansısa təhlükə yarada bilər? “Onlara güvənmək olmaz” deyə bilərsiniz, əlbəttə, onlara niyə güvənməliyik ki? Öz böyüklüyümüzə, ağlımıza, gücümüzə, alicənablığımıza gövənməliyik.
Azərbaycanda minlərlə satqın irançı Azərbaycan dövlətini sionizmlə əməkdaşlıqda, yəhidilərlə işbirliyində günahlandıran tezisləri təbliğ edirlər. Ey axmaq sürüsü, hələ də anlamırsınız ki, biz kiməsə güvənərək hərəkət etmirik, qardaşımız Türkiyə ilə kürək-kürəyə söykənib, yəhudi ilə də, rusla da, ingilislə də dürüst əməkdaşlıq edərək öz ali marağımızı təmin etmişik, torpaqları azad etmişik. İndi də maarağımız onu tələb edir ki, xaricdə böyük güclərin siyasət alətinə çevrilmiş “erməni” məsələsini əhəmiyyətsizləşdirək. Əvəzində isə içimizdəki türk milliyətçisi ədası ilə danışan erməniçilər məhz erməniyə bənzər siyasətin körüklənməsini istəyirlər. Bu siyasətin ən böyük əsəri Qarabağdan əlləri üzülüşmüş ermənilərdir, Ermənistanda pərişan durumda bir-birinin ətini didən ermənilərdir.
İki yüzi il öncə təməli yanlış qoyulan “erməniçilk” bir ideya olaraq qlobal bir erməni faciəsinə çevrildi. Bizim məhz bu başlanğıc nöqtəsində, məqamında buraxacağımız hansısa səhv 30 il sonra da bizim faciəmizə çevrilə bilər. Söhbət təkcə bizə qarşı erməni revanşizmindən getmir. Biz böyük dövlətlərin yazdığı politoloji ssenarilərin yalnız özümüzə aid hissəsindən qorunmağa imkanı çatan kiçik bir dövlətik. Osmanlı imperiyasının səhvinin nəticəsində Türkiyə kimi bir dövlət ayaqda qala bilərdisə, bizim kimi dövlətlərin səhvinin nəticəsinin nə olacağını söyləməyə lüzüm görmürəm.
Odur ki, duyduq, duymadıq deməyin ey əhli-Azərbaycan: Dövlət, Ordu, Ali Baş Komandan Qarabağı işğaldan azad etməklə, ərazi bütövlüyümüzü bərpa etməklə hər bir içində nisgil, acı, yanğı, nifrət gəzdirən azərbaycanlının, ölənin də, qalanın da qisasını artıqlaması ilə alıb. Əsl Azərbaycançılıq dönəmi məhz indi başlayır. Özünə güvənən, alicənab, erməniçilik və irançılıq xəstəliyinə yoluxmamış Türk-Qafqaz-Avropa simbiozunu önə çəkən Azərbaycançılıq!
Fazil Mustafa
Millət vəkili
Gununsesi.info