“Ermənistan dövləti öhdəlik götürüb ki, qarşıdan gələn 20 gün içində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış müvsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur”.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Ermənistanının kapitulyasiya şərtlərini qəbul etməsini şərh edərkən bildirib.
Millət vəkili bildirib ki, paralel olaraq, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır:
“Rusiya və Türkiyə silahlı qüvvələri sülhməramlı statusda, məhdud kontingentlə və bəlli müddətə əraziyə yerləşdirilir. Azərbaycan Prezidenti həmişə vurğulayırdı ki, müharibənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq (Bəyanatın 5-ci bəndinə uyğun şəkildə) birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısının alınacağına dəlalət edir”
Gununsesi.info