Türkiyənin bundan sonrakı xarici siyasət kursu Ankaranın atacağı addımlardan asılı olacaq.
Gununsesi.info xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Türkiyədəki referendumun nəticələri ilə bağlı danışan politoloq Arzu Nağıyev deyib. Ekspertin fikrincə, Türkiyə referendum istiqamətində Qərbi yanıltmaq üçün mühüm addımlar atmalıdır:
“Yəqin ki, kürdlərin, PKK və HDP-nin Avropdakı tərəfdarları fəallaşacaqlar və referendumun nəticələrinin əleyhinə mitinqlər keçirməyə çalışacaqlar. CHP onsuz da bu ümumxalq səsverməsinin nəticələrini Atatürk ideyalarının əksinə olan referendum kimi dəyələndirir. Ən qorxulusu da ondan ibarətdir ki, Ərdoğan çıxışlarında bir neçə dəfə ölüm hökmünün bərpasını gündəmə gətirib. Bu, Qərbin və dünya ictimaiyyətininin ciddi narazılığına səbəb ola bilər. Yəni bu prosedurlar Türkiyənin beynəlxalq əlaqələrinə təsir edəcək. Türkiyənin bundan sonrakı xarici siyasət kursu Ankaranın atacağı addımlardan asılı olacaq. Beynəlxalq siyasətdə mühüm dəyişikliklər edə biləcək Türkiyə beynəlxalq qurumları razı sala bilsə, Avropa bu referendumu dəstəkləyəcək. Əks halda, müxtəlif xoşagəlməz bəyanatlar və daxildəki qarşıdurmaları qızışdıran amillər ortaya çıxa bilər”.
Qeyd edək ki, Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referenduma seçicilərin 51,18 faizi “Hə” deyib.
Gununsesi.info