
Türkiyə ordusunun Azərbaycandakı mandatının daha 1 il uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) prezidentin imzaladığı qanun layihəsi təqdim edilib.
Gununsesi.info-nun məlumatına görə, sənəddə qeyd olunur ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlər davam etdirilir.
Həmçinin bildirilir ki, Türkiyə və Rusiya silahlı qüvvələrinin hərbçilərindən ibarət Müştərək Mərkəz fəaliyyətini uğurla davam etdirir. Qanun layihəsinə görə, Türkiyə bu mərkəz vasitəsilə regionun təhlükəsizliyinin təmin edilməsinə və tərəflər arasında etimadın möhkəmlənməsinə kömək edir.
Qanun layihəsində qeyd olunur ki, Azərbaycan tərəfindən 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri nəticəsində burada fəaliyyət göstərən qanunsuz separatçı qurum və onunla əlaqəli silahlı birləşmələr ləğv edilib, Azərbaycan ərazilərinin faktiki işğalı tamamilə dayandırılıb. O da vurğulanıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi hələ də bağlanmayıb.
Sənəd 2023-cü il noyabrın 17-dən etibarən Türkiyənin Azərbaycandakı hərbi missiyasının daha bir il uzadılmasını nəzərdə tutur.
Gununsesi.info