Türkiyə hərbçiləri Qarabağda sülhyaratma prosesinə cəlb edilsin!- Zahid Oruc

Son günlər atəşkəsin tez-tez pozulması Rusiya sülhməramlılarının missiyasını yerinə yetirə bilməməsi barədə iddialar Azərbaycanın manevr imkanlarını artırır. Bakı 10 noyabr razılaşmasının 4-cü bəndini yerinə yetirmək üçün Xankəndində antiterror əməliyyatını başlaya biləcəyini bəyan edə bilər. Ya da Rusiyanın bölgədə təhlükəsizliyə təkbaşına nəzarət edə bilməməsini səbəb göstərərək, Türkiyə hərbçilərinin sülhyaratma prosesində daha geniş təmsilçiliyini tələb etməlidir.

Ən azından Monitorinq Mərkəzinin fəaliyyəti və imkanları genişləndirilməlidir. Bakı və Ankara əvvəldən də sülhməramlı missiyasında türk hərbçilərin rolunun artırılmasını istəyirdi. Ermənistan və Rusiya indi bu fürsəti yaradıb. Onlar seçim qarşısında qalmalıdır: ya antiterror əməliyyatları, ya Türkiyə hərbçilərinin sülhyaratma missiyasının artırılması…

HTML tutorial

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc ermənilərin son təxribatlarının ziyanlarına işləyəcəyini qeyd etdi: “Hər bir mövqenin, belə təkliflərin yaşamaq hüququ var. Düşünürəm ki, onların informasiya məkanında özünə yer etməsi öz-özlüyündə nəticələr çıxarır. Siyasi həyat yalnız bir versiya, tezis, prinsipdən ibarət deyil. Bunu heç sevmir də. Siyasi həyat mütləq tələb edir ki, sən müxtəlif komponentləri əlində tutmalısan. Strateji planları mərhələ-mərhələ yerinə yetirirsən. Ali Baş Komandan İlham Əliyev iyulun 14-də şəhid ailələri ilə görüşərkən yenə də region, onun gələcəyi Ermənistan-Azərbaycan münasibətləri kontekstində əsas aparıcı ideyalarını bir daha söylədi. Bu zaman Zəngəzur, Göyçə, həmçinin İrəvanın adı çəkildi. Bu, öz-özlüyündə Azərbaycanın başqa bir məkana ərazi iddiasıdırmı? Xeyr. Çünki cənab Prezident tankla, topla, ordumuzla ora qayıdacağını söyləmədi. Daha çox 10 noyabr sənədinin nəticələri olaraq qarşı tərəfin həmin bəyanatın müddəalarını yerinə yetirəcəyinə, qarşı tərəfi buna vadar edəcəyinə olan inamından dolayı çıxış edirdi. Belə olan təqdirdə Şuşa, o cümlədən Naxçıvanla sərhəddə hərbi mövqelərimizə doğru açılan atəşi üç istiqamətdə şərh edək. 1. Faktiki olaraq Paşinyan seçkiləri udsa da, 50% vətəndaş proseslərə qatılmadı. Yerdə qalanların isə 50% səsini aldı ki, bu da yeni bir reallıq yaradır. Yəni yüzdə iyirmi beşin etimadına malikdir. 75% isə böyük əhali kütləsi deməkdir. Paralel olaraq onun ordu qüvvələri içərisində böyük dayaqları var. Bir nümunə gətirim. Yuri Xaçaturovu KTMT-dən əvvəlki kurallara uymayaraq inqilabi eyforiya ilə geri çağırıb, məhkəmə qarşısında dayanmasını tələb edir, onu katiblikdən uzaqlaşdırır. Arxasınca onun oğlunu generallığa qədər gətirir və sanki bununla tarazlı bir proses aparırdı. Amma son anda bir neçə gün öncə həmin şəxsi vəzifəsindən azad etdi. Nədən narahatdırlar? Ordu qüvvələrinin bir neçə ay öncə itaətsizliyinin Qarabağa qədər uzanan hissəsi mövcuddur. 2. Ermənistan rəhbərliyi bu və ya digər formada sülh prosesi barədə müəyyən işarələr verir. Doğrudur, Zəngəzur dəhlizi açılmaya bilər kimi bəzən fikirlər də irəli sürürlər, amma kommunikasiyaların açılmasında maraqlıyıq kimi fikirlərə də rast gəlirik. Belə olan təqdirdə çox təəssüf ki, onlar başa düşürlər ki, Rusiya sülh yaradıcı qüvvələrinin burada iştirakına qarşı tədbirlərin başında silahların işləməsi gəlir. Bu mütləq belədir. İlk növbədə, bu imza tərəfi kimi Rusiyanın Qafqazlarda bundan sonrakı dönəmdə vəd etdiyi, ortaya qoyduğu, bunu iradə kimi göstərdiyi, son 8 aydakı çıxışlarında vurğuladığı ”Qafqazda qanı biz dayandırdıq” bəyanatının ruhuna zidd atılan atəşdir. Üçüncü məsələ isə çox vacib və önəmlidir. Qarabağda yaşamaq istəyən məhdud sayda erməni dinc əhali Azərbaycanla yalnız onda birgə yaşayış formulu tapacaqdı ki, orada sülh, əmin-amanlıq olsun. İndi açılan bu atəş həm də Qarabağ ermənilərinin əleyhinədir. Onlarla belə faktor saya bilərdim”.

Zahid

Zahid Oruc: “Ermənilər öz ayaqlarına atəş açdılar”

Deputat fikirlərinə bu əlavələri də etdi: “Onlar hər şeylərini itiriblər. Bunun da üzərinə belə təxribatları gələndə ziyanlarına olan bir mənzərə formalaşır. Bir reallığı deyim. 90-cı illərin məğlubiyyətindən sonra bizə illər lazım oldu ki, güclü ordu formalaşdıraq. Biz imkanlarımızdan istifadə edərək iqtisadi gücümüzü hərbi gücə transfer edə bildik. Ermənilər üçün bu il minimum 20 ildir. Çünki bizdə olan resurslar onlarda yoxdur. Açılan bu atəşi müharibə, revanş atəşi, genişmiqyaslı savaşın atəşi kimi qəbul etmirik. Lakin bununla bərabər biz söyləyirik ki, bu gün Bakıda Hərbi Məhkəmədə mühakimə olunanlara, bir neçəsi üzr istəyənlərə, haqlı olaraq diversant adlandırdığımız bu ermənilərə qarşı açılan atəşdir. Parlament üzvü kimi son hadisələrə sərt reaksiyam var. Bildiyiniz kimi, Naxçıvan istiqamətində artıq qarşı tərəfdən bir nəfərin ölməsi ilə bağlı məlumat dərc olunub. Naxçıvandan Şuşaya qədər itaət etməyənlərin Paşinyanın əleyhdarları, yaxud tərəfdarları olmasını kənara qoyaq. Eyni iradə üzərindən hərəkət etməliyik. 10 noyabr sənədində Ermənistan hərbi birləşmələri deyil, erməni hərbi birləşmələri yazılıb. Rusiya tərəfinin də burada imzası var. Biz o qüvvələrin çıxarılması tələblərinin sayını artırmalıyıq. Ermənilər öz ayaqlarına atəş açdılar. Yaralanan insanımız bizim üçün dəyərlidir. Bu atəş Qarabağda yaşayan ermənilərə, sülh yaradan rus sülhməramlılarına, elə Paşinyanın özünə də ziyandır. Sonda onu da qeyd edim ki, Türkiyə silahlı qüvvələrinin hər hansı bir statusda iştirak etməsi 15 iyun Şuşa bəyannaməsinin yekununda öz əksini tapıb. Azərbaycan-Türkiyə hərbi siyasi ittifaqı dünyaya bəyan edilib. Orada olan ən önəmli faktor yalnız Qarabağ, Şuşa üçün deyil, bütövlükdə Qafqazlar üçün onun miqyasının geniş götürülməsidir. Eyni zamanda biz çalışmalıyıq ki, 10 noyabrda razılaşma ilə özünü Qafqazlardan çıxmış sayan, məğlub tərəf kimi görən Fransa kimi qüvvələrin Türkiyə, Rusiya və Azərbaycan arasında formalaşan bu münasibətləri pozmaq profokasiyalarına getməyək”.

Arzu

Arzu Nağıyev: “Amerika həddindən artıq marağındadır ki…”

Politoloq, deputat Arzu Nağıyev Monitorinq Mərkəzinə səsləndi: “Burada əsas məsələ ondan ibarətdir ki, atəşkəsin pozulması, özü də necə pozulması birmənalı şəkildə məhz Türkiyə-Rusiya Monitorinq Mərkəzi tərəfindən araşdırılmalı və dəqiq məlumat verilməlidir. Eyni zamanda sülhməramlı qüvvələr üzərinə düşən missiyanı tam şəkildə yerinə yetirə bilmirsə, yaxud yerinə yetirmək iqtidarında deyilsə, onların səlahiyyətlərinə müəyyən qədər yenidən baxılmalıdır. Əgər sülhməramlı qüvvələr orada sülhün bərqərar olmasını istəyirlərsə, bunun üçün çalışırlarsa, bu istiqamətdə funksiyalarını tam şəkildə yerinə yetirməlidirlər. Digər məsələ ondan ibarətdir ki, onlar tez-tez Ermənistan hərbi birləşmələri kimi işlətdikləri açıqlamalarla yadda qalırlar. Orada Ermənistanın hər hansı bir hərbi birləşməsi olmamalıdır, onlar tör-töküntülərdir. Hansı ki, Araik Arutyunyan və digərlərinin tabeliyində olan qüvvələrdir. Təbii ki, revanşist hissi ilə yaşayan Köçəryan və Sərkisyanın da orada təsir mexanizmləri hələ də mövcuddur. Buna görə də birmənalı şəkildə açıqlamalar verilib, tam şəkildə bilinməlidir ki, atəşkəsi kim və niyə pozur, bu hansı qruplaşmalardır. Bundan sonra müvafiq qərarlar qəbul olunmalıdır. Əsas bir məsələ də ondan ibarətdir ki, Türkiyə-Rusiya Monitorinq Qrupu tək məlumat mərkəzinə çevrilməməlidir. Bunlar birmənalı şəkildə mütəmadi olaraq gördükləri işlər barədə müzakirələr aparmalı, eyni zamanda məlumatlar verməlidirlər. Antiterror əməliyyatına gəldikdə təbii ki, terror hadisənin hər birinə qarşı belə əməliyyat aparmaq Azərbaycanın haqqıdır. Bu gün istər Şuşada, istər Naxçıvanda, istərsə də Ermənistanla həmsərhəd ərazilərdə atəşkəsin ermənilər tərəfindən pozulması birmənalı şəkildə qınanmalıdır. Ermənilər antiterror əməliyyatları istəmirlərsə, bu cür təxribatlara son qoymalıdırlar. Eyni zamanda Qarabağda kiminsə nəzarətində olan qüvvələrə tapşırıqlar verilməlidir ki, atəşkəsi pozmasınlar. Əks halda, onlar antiterror əməliyyatı ilə qarşılaşacaqlar. Burada həm Türkiyə, həm Rusiya, həm də son zamanlar özlərini qabartmağa çalışan ATƏT Minsk Qrupunda təmsil olunan  dövlətlər də bu istiqamətdə addımlar atmalıdırlar. Bildiyiniz kimi, son vaxtlar Amerika həddindən artıq marağındadır ki, yenidən nüfuz sahibinə çevrilsin. Bu istiqamətdə addımlar atılsa daha məqsədəuyğun olar. Məhz Türkiyənin sülhməramlı qüvvə kimi istifadə olunmasına gəlincə, bilirsiniz ki, sülhməramlı qüvvələr hər iki tərəfin razılığı əsasında olmalıdır. Bu razılığın alınmasında da düşünürəm ki, Monitorinq Mərkəzi öz işini görməlidir”.

Gununsesi.info