Türkiyə müdafiə sənayesi naziri: “Beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacağıq” - FOTOLAR

  • By admin
  • 04 Aprel 2023 20:59

“Türkiyə beşinci nəsil döyüş təyyarəsi istehsal edən beşinci ölkə olacaq”.

Bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəhbəri İsmail Demir məlumat verib.

“Milli döyüş təyyarəmiz tanınmış beşinci nəsil döyüş təyyarəsidir. Dünyada beşinci nəsil döyüş təyyarəsi istehsal edən cəmi dörd ölkə var. Biz də beşinci olacağıq”, – deyə o bildirib.

“Təyyarəmiz hələ çox mərhələlərdən keçməlidir. Hazırda bütün sistemlər quraşdırılıb və artıq yoxlamalar aparılmalıdır. Siz təyyarənin gövdəsini və mühərrikini görə bilərsiniz, lakin içərisində çoxlu sistemlər var”, – deyə İsmail Demir qeyd edib.

Nazir təyyarənin uçuş tarixi ilə bağlı dəqiq rəqəm bildirməyib. “Təyyarənin uçuş tarixi ilə bağlı məsələlərə ehtiyatla yanaşırıq. Çünki mühəndislər hazırlayıblar, amma uçuşa yararlılıq mərhələsində hər şey bir-bir yoxlanılmalıdır. Məqsədimiz ən qısa zamanda uçuşa nail olmaqdır. Lakin 3-5 aylıq bir tarix vermirik, rahat şəkildə bir il çəkəcək bir prosesdən danışırıq”, – deyə o əlavə edib.

“Milli döyüş təyyarəsi dedikdə məqsədimiz beşinci nəsil təyyarə istehsal etməkdir. Çox müasir elektron sistemlərlə təchiz edilmiş, çox erqonomik kabinəyə və tam rəqəmsal kokpitə, radara görünməzlik kimi xüsusiyyətlərə malik olan beşinci nəsil dediyimiz təyyarələrdə olan bütün texnologiyalara sahib bir təyyarə planlaşdırırıq. Hətta bəzi cəhətlərdən daha yaxşı funksiyalara malik olacaq”, – deyə nazir vurğulayıb.