Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Gununsesi.info xəbər verir ki, iclasda prioritet mövzu Türkiyə iqtisadiyyatıdır.
Məlumata əsasən, martın 31-də keçiriləcək seçkilərin təhlükəsiz şəraitdə olması üçün görüləcək tədbirlər də müzakirə ediləcək.
Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.
Qeyd edək ki, 29 fevral tarixində ABŞ-nin 40 ədəd yeni F-16 Blok-70-lərin Türkiyəyə tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi” Türkiyə Milli Müdafiə Nazirliyinə və müvafiq bölmələrə çatdırılıb.
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.
Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.
Gununsesi.info