Xarici İşlər Nazirliyi 26 yaşlı Ayşenur Ezgi Eyginin cənazəsinin Türkiyəyə gətiriləcəyini açıqlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə bildirib ki, türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail ordusu tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində qətlə yetirilməsi ilə bağlı istintaq başladılıb və beynəlxalq həbs qərarı tələb olunacaq.
Qətllə bağlı əllərində dəlillər olduğunu bildirən nazir Tunç, Ankara Respublika Prokurorluğunun “Ayşenur Ezgi Eyginin şəhid edilməsində məsuliyyət daşıyanlar” barəsində istintaq başlatdığını açıqlayıb.
“İstintaq çərçivəsində biz də beynəlxalq səviyyədə həbs tələblərimizi bildirəcəyik”, – deyə nazir qeyd edib.
Xarici İşlər Nazirliyi “fələstinlilərlə həmrəylik nümayiş etdirən dinc nümayiş zamanı Eyginin İsrail əsgərləri tərəfindən qəsdən hədəf alınaraq öldürüldüyünü” ifadə edərək, “bu cinayətin cəzasız qalmaması üçün əlimizdən gələni edəcəyik”, – deyə əlavə edib.
Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Eyginin cənazəsinin cümə axşamı Təl-Əvivdən Azərbaycanın paytaxtı Bakıya, cümə günü səhər isə İstanbula çatdırılması gözlənilir. Dəfn mərasiminin Egey sahilindəki Didim şəhərində keçirilməsi planlaşdırılır.
İsrail höküməti İordan çayının qərb sahilində yəhudi məskənlərinin genişləndirilməsinə qarşı etiraz aksiyasına qatılarkən öldürülən Eyginin ölümünə görə məsuliyyəti qəbul edib, lakin bunun qəsdən olmadığını bildirib.
Hökumətə bağlı Fələstin Xəbər Agentliyi isə türk əsilli Amerika vətəndaşı Eyginin etiraz aksiyası zamanı İsrail Müdafiə Qüvvələri (İDF) tərəfindən güllələnərək öldürüldüyünü qeyd etmişdir. Fələstin mediası, eyni zamanda Eyginin Nablusdakı Rafidia xəstəxanasında reanimasiyaya aparıldığını, lakin aldığı xəsarətlərdən həyatını itirdiyini bildirib.
Fələstin rəsmiləri, həmçinin Eyginin israilli bir snayperçi tərəfindən qəsdən hədəfə alındığını və istifadə edilən güllənin rezin deyil, əsl güllə olduğunu düşünüblər. Eyginin qətlindən sonra onlar bu məlumatı Türkiyənin Qüdsdəki Baş Konsulluğu ilə bölüşüblər.
Şirin Əbu Akleh
Qeyd edək ki, 2022-ci ildə jurnalist Şirin Əbu Akleh də buna bənzər şəkildə öldürülmüşdür. Buna görə də, Aklehdə olduğu kimi, Eyginin yarılmasını da, fələstinli bir həkimin edəcəyi qeyd edilib.
Günel Həsənova
Gununsesi.info