Türkiyə-Qərb münasibətlərini seçki ərəfəsində kəskinləşəcək

  • By admin
  • 23 Yanvar 2023 16:37
“İsveç hökumətinin NATO-ya üzvlük məsələsində taleyinin Türkiyənin əlində olduğunu bilə-bilə Ərdoğan hakimiyyətini daha da qəzəbləndirəcək addım atması – “Qurani-Kərim”i yandırma aksiyasına icazə verməsi bu ölkənin özünün NATO-ya öz yolunu bağlması anlamına gələ bilər”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Elxan Şükürlü Türkiyə ilə İsveç arasında yaranmış son gərginliyi şərh edərkən deyib.
O, bildirib ki,  İsveç NATO-ya üzvlükdə o qədər də maraqlı deyil: “Bu həm də o deməkdir ki, İsveç  Rusiyaya savaş açanlar sırasında yer almaq istəmir, geri çəkilmək üçünsə Türkiyə ilə münasibətlərini məqsədli şəkildə gərginləşdirmək xətti seçib.
İsveç hökuməti çox yaxşı bilir ki, islamçı dünyagörüşə sahib bir lider kimi, Ərdoğan onların bu addımını bağışlamayacaq və qarşılıqsız qoymayacaq”.
Elxan Şükürlünün sözlərinə görə, ümumiyyətlə, Türkiyədəki may seçkiləri qardaş ölkənin NATO ilə gələcək münasibətlərinə də birdəfəlik aydınlıq gətirən tarix ola bilər: “Çünki, ABŞ və Avropada Türkiyədəki may seçkilərinə açıq müdaxilə çağırışları getdikcə güclənir və Qərbin bu pozucu addımları Türkiyə-Qərb münasibətlərini seçki ərəfəsində və seçkidən sonrakı dönəmdə daha da kəskinləşdirərək, qırılma xəttinə yaxınlaşdıracaq.
Ehtimal var ki, Ərdoğan özü də yenidən prezident seçildikdən sonra rəhmətlik Nəcməddin Ərbakanın məşhur ideyasını – Türkiyəninin NATO-dan uzaqlaşaraq, digər müsəlman dövlətləriylə birgə yeni bir hərbi ittifaqda birləşmə strategiyasını həyata keçirməyə üstünlük verəcək.
Bəzi analitiklər Türkiyənin NATO-da boşalacaq yerinə isə parçalanmış Ukraynanın daha tez qəbul edilməsini mümkün sayırlar”.
Afət Abbasova
Gununsesi.info