
Türkiyədə baş verən hərbi çevriliş cəhdinə Azərbaycandan Milli Şura liderləri də münasibət bildiriblər. Gununsesi.info xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənli bu barədə feysbuk səhifəsində qısa qeyd paylaşıb.
“Türk xalqı öz iradəsini ortaya qoydu. Hərbi çevriliş cəhdinin qarşısı alındı. Türkiyə böyük bir bəladan qurtuldu”, – deyə C.Həsənli iyulun 16-ı səhər saatlarında yazıb.
MŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə olayla bağlı indiyədək 2 qeyd paylaşıb. Ə.Kərimli feysbuk səhifəsindən hadisəyə ilk münasibətini çevriliş cəhdi başlayandan az sonra yayıb. AXCP lideri Azərbaycan vətəndaşlarını Ərdoğan hökumətinə münasibətdən asılı olmayaraq hərbi çevriliş cəhdinə qarşı çıxmağa səsləyib:
“Əziz həmvətənlər, xeylinizin qardaş Türkiyədəki AKP idarəetməsinə tənqidi yanaşdığını bilirəm. Amma bizim Türkiyədə baş verənlərə münasibətimiz şəxsi emosiyalarla diqtə edilməli deyil. Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!”.
Bu gün səhər saatlarında yaydığı ikinci qeydində də Ə.Kərimli Türkiyədə çevriliş cəhdinin baş tutmamasını qardaş ölkənin qələbəsi kimi qiymətləndirib:
“Türkiyə qalib gəldi! Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. Haydı Türkiyə!”.