Türkiyə Rusiyadan qaz alışını AZALDIR

Türkiyə Rusiyadan qazı digər tədarükçülərin xeyrinə dayandırmağa başlayıb.

Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, iyul ayında Türkiyə Rusiyadan yanacaq idxalını illik müqayisədə 37,2 faiz azaldıb.

HTML tutorial

Enerji Bazarını Tənzimləmə Qurumunun aylıq hesabatında qeyd edilib ki, Ankara İran və Azərbaycandan qaz alışını müvafiq olaraq 37,5 və 31,5 faiz artırıb.

Bununla yanaşı, Rusiya Türkiyəyə qaz tədarükündə lider olaraq qalır və Ankaranı 1,44 milyard kubmetr qazla təmin edib. Türkiyəyə qaz idxalının 870 və 710 milyon kubmetri isə müvafiq olaraq İran və Azərbaycanın payına düşüb.

Ümumilikdə, 2022-ci ilin iyul ayında Türkiyə 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,7 faiz az qaz alıb – idxal 4,05 milyard kubmetrdən 3,41 milyard kubmetrə düşüb.

Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatına görə, ay ərzində ölkəyə boru kəmərləri ilə təqribən 3,02 milyard kubmetr, dəniz yolu ilə isə 383 milyon kubmetr qaz mayeləşdirilmiş formada daxil olub. Bu göstəricilər boru kəmərləri idxalının 13 faiz, mayeləşdirilmiş idxalının isə 32,6 faiz azaldığını göstərir.

Eyni zamanda, Türkiyə ümumi qaz istehlakını illik müqayisədə 27,5 faiz azaldaraq 2,78 milyard kubmetrə çatdıra bilib. Ölkə bu nəticəni elektrik stansiyalarında qazdan istifadəni azaltmaqla –  məişət istehlakı artsa da – əldə edib. Bundan əlavə, ölkədə yanacaq ehtiyatları artırılıb – 2022-ci ilin iyulunda anbarlardakı qazın həcmi 20,6 faiz artaraq 3,37 milyard kubmetrə çatıb.

Sentyabrda məlum olub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putindən qaza 25 faiz endirim, eləcə də tədarükün bir hissəsini öz valyutası olan türk lirəsi ilə ödəmək imkanı istəmək niyyətindədir.

İnformasiya mənbələri təsdiqləyib ki, oktyabrda Türkiyə və Rusiya yanacaq tədarükünün dəyərini aktiv şəkildə müzakirə edir.

Gununsesi.info