“Türkiyənin Azərbaycandakı səfirliyi Ankarada Rusiya Federasiyasının səfiri Andrey Karlovun öldürülməsindən dərhal sonra təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün təhükəsizlik xidməti gücləndirilmiş rejimə keçib”.
Bu haqda Gununsesi.info-nun sorğusunu cavablandıran Türkiyənin Azrbaycandakı sılahiyyətli və fövqəladə səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, Rusiya Federasiyasının Türkiyədəki səfirinə qarşı hazırlanmış alçaqcasına terror hadisəsi nəticəsində öldürülməsindən dərin üzüntü yaşadıq: “Terroçunun bu əməlini ən şiddətli şəkildə qınayaraq, lənətləyirik. Bu hadisə geniş şəkildə ən xırda ayrıntılarınadək incələnib, təhlil ediləcək. Günahkarlar və cavabdehlər Türkiyə ədalət mühakiməsinin qarşısına çıxarılacaqlar”, – deyə səfir bildirib.
“Başda hörmətli Prezidentimiz, cənab Baş nazirimiz və xarici işlər nazirimiz olmaq üzrə bütün Türk səlahiyyətliləri başından etibarən hadisədən duyduqları kədər və hüznü açıqlayaraq, ən sərt şəkildə qınayıblar. Hörmətli Prezidentimiz hadisənin baş verməsindən dərhal sonra Rusiyanın prezidenti cənab Putinlə təmasa keçmiş və Türkiyə Respublikasının keçirdiyi hissləri bəyan edib. Ayrıca xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da bu gün Moskvada bu duyğularımızı Rusiya tərəfinə birbaşa çatdırma imkanı əldə edib”-deyən Erkan Özoral qeyd edib ki, bu mənfur hücumun Türkiyə – Rusiya əlaqələrinin normallaşaraq, əvvəlkindən də irəli getməyə başladığı və Moskvada Türkiyə – Rusiya – İran Xarici İşlər Nazirləri toplantısının təşkil ediləcəyi bir dövrdə reallaşdırılması, əlbəttə düşündürücüdür: “Bu hücumun, terrorun Türkiyə-Rusiya dostluğuna kölgə salmasına icazə verməyəcəyik. Bu çətin gündə Rus xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk. “Bu hücum terrorun ən iyrənc və vəhşi üzünü göstərdi. Türkiyə istər Rusiya, istərsə digər tərəfdaşlarıyla birlikdə terrorla mübarizədə hər cür səylərdə qətiyyət göstərəcək”-,deyə o bildirib.
Gülnaz Qənbəri
Gununsesi.info