Türkiyə seçkilərinə Azərbaycandan baxış - EKSPERT DANIŞIR

  • By admin
  • 06 Mart 2023 08:19

Türkiyədə may ayında keçirilməsi gözlənilən prezident seçkiləri öncəsi proseslər həyacanla izlənir.

Son illərdə xalq dəstəyindən məhrum edilən AKP-nin hakimiyyətdən getməsi üçün ciddi səylər göstərilir.

Hətta prosesin qarşıdakı dönəm ərzində ciddi toqquşmalara səbəb olacağını deyənlər də var.

 

Siyasi ekspert Anar Məmmədli Gununsesi.info-ya açıqlamasında qardaş ölkədəki prosesləri dəyərləndirib:

”Türkiyədə növbəti seçkilərin sakit və dinc məcrada keçəcəyini arzulasaq da, hazırda bu çox çətin görünür. Çünki, ölkədə çox ciddi siyasi qütbləşmə var. Getdikcə bu qütbləşmə məişət və məhəlli səviyyəsində özünü biruzə verə bilər.

Son 20 ildə AKP-nin siyasi imkanlarından faydalanaraq güclənmiş korrupsioner maliyyə qrupları var. Onlar heç bir vəchlə malik olduqları siyasi nəzarəti itirmək istəməyəcəklər.

Nəhayət, Türkiyədə siyasi dəyişikliyi öz rejimləri və çirkin əməlləri üçün təhlükə sayan avtoritar rejimlər var. Məsələn, Putin kimi diktatora Türkiyədə demokratik, sülhpərvər və şəffaf siyasi rejimin formalaşması sərf eləmir. Şübhəsiz ki, ABŞ-da Trampa verdiyi dəstəyi seçki kampaniyası dövründə Erdoğana da verə bilər”.

Anar Məmmədli hesab edir ki, Türkiyə cəmiyyəti bu 3 çətinliyin öhdəsindən gələrək, azad və ədalətli seçkilər keçirsə, həm Türkiyə, həm də bizim bölgəmiz üçün demokratikləşmə dalğası yaxın 10 ildə qaçılmaz olacaq.

 

Mətləb Yaqublu

Gununsesi.info