“Yəqin ki, bu əməliyyatlar Qurban Bayramından sonrakı dövrə planlaşdırılıb. Türkiyə müsəlmanların bu həssas bayramında qan tökülməsini istəmir. Ona görə də Türkiyə Suriya sərhədlərində terrorla mübarizəyə Qurban Bayramından sonra başlayacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Türkiyənin Suriyanın şimalında terrorla mübarizə üçün təmizləmə əməliyyatına başlaya bilərmi sualını cavablandırarkən deyib:
Türkiyə ona qədər mövcud olan bəzi əngəlləri aradan qaldırmağa çalışır. Çünki bu məsələ daha çox beynəlxalq mühitlə, regionda maraqları və bilavasitə iştirakı olan dünya güclərilə bağlıdır.
O baxımdan da görünür Türkiyə bütün maneələri zərərsizləşdirmək istəyir. Hücum əməliyyatı keçiriləcək bölgələr artıq havadan və artileriya vasitəsilə zərbələrlə yumşaldılır.
Belədə elə bir mühit yaradılır ki, hücum əməliyyatı başladığı təqdirdə, uzun müddətli və çox itkili olmasın. Finlandiya və İsveçin NATO-üzvlüyü məsələsində razılığa gəlmələri fonunda artıq qurum və ABŞ Türkiyəni terrorizmdən ciddi zərər çəkən ölkə kimi tanımağa başlayıb.
Bu mənada düşünürəm ki, artıq ABŞ-ın Türkiyənin Suriyanın şimalında 4-cü əməliyyat keçirməsinə ciddi etirazı olmayacaq”.
Həmsöhbətimiz məsələ ilə bağlı Rusiya və İranın da neytrallaşdırıldığı qənaətindədir:
“Rusiya müəyyən qədər narazıdır. Ancaq hər bir halda artıq Moskvanın istəyi prosesin qarşısını alacaq gücdə deyil. Moskva hərbi mənada Suriyada əvvəl olduğu qədər güclü deyil. İran isə Türkiyənin terrordan ziyan çəkən ölkə kimi artıq haqqını tanıyır. İranın xarici işlər naziri Ankaraya səfərindən sonra bu yöndə açıqlamalar vermişdi”.
Gununsesi.info