“Türkiyə TV-lərindən bizə axan ritorika daha ziyanlı və təhlükəli olacaq” - NATİQ CƏFƏRLİ

  • By admin
  • 17 Aprel 2017 16:43

natiq

“Görürəm bir çox insanlar yazır ki, Türkiyədə olan referendum niyə bizdə bu qədər müzakirə olunur?! Bir çox səbəblər var: Dəfələrlə yazmışam ki, Türkiyə TV-ləri bizim efirin 60-65%-nə nəzarət edir, camaat Türkiyə TV-lərinə baxır və bu da ciddi problemdir. Dünənki nəticədən sonra Türkiyə TV-lərindən bizə axan ritorika daha ziyanlı və təhlükəli olacaq. Bu da bizim hökumətin günahıdır, normal bir TV kanalı yoxdur ki, insanları cəlb etsin, müzakirə ortamı, bilgi və informasiya mənbəyi olsun”.

Gununsesi.info xəbər verir ki, bunu “REAL” Hərəkatının rəsmillərindən olan Natiq Cəfərli öz “Facebook” statusunda yazıb.

Statusu cüzi ixtisarla  təqdim edirik:

“TV məkanın 60-65%-ni Türkiyəyə, 10-15%-ni Rusiyaya qapdırmışıq, hər iki tərəfdən də üstümüzə avtoritarizm, ümumbəşəri dəyərlərə nifrət səpirlər. Türkiyənin bizim TV məkanda hegamon olması, hökumətə qarşı təzyiq vasitəsidir – buna görə istənilən güzəşti qopara bilirlər.

2) Türkiyədə SEÇKİ var, sandıq demokratiyası var, bizim millət burda görmür seçkini, səsinin sayılmasını, ona görə də Türkiyədəki seçkilərə maraq göstərir.

3) Türkiyə bizə doğma ölkədir, təsirləri çoxdur, qardaş ölkədə baş verənlər bizə təsirsiz ötüşmür, insanlar da bunu anlayır, təhlil etməyə çalışır. Həm də daxili siyasətdən yazmağa çəkinənlər siyasətə qarışmaq istəklərini Türkiyə haqqında yazmaqla ödəyirlər.

Nə zaman ki, bizdə normal TV-məkan, heç olmasa sandıq demokratiyası, daxili problemlərin hürküsüz müzakirə ortamı olacaq, o zaman Türkiyə siyasəti bizdə bu qədər müzakirə olmayacaq. Həm də kiçik uğurlar da önəmlidir, bizim camaat Türkiyədəki təbliğatda, seçkidə kiçik uğurları görür, bu da marağı artırır.

Cəmi 10 il öncə ölkədə yerli futbol klublarının çox az azarkeşi var idi, əksəriyyət Galatasaraya, Fənərə, Beşiktaşa azarkeşlik edirdi. Amma elə ki, Qarabağ klubumuz uğur qazanmağa başladı, kiçik qələbələr uğur hekayəsi yaratdı, Qarabağın azarkeş kütləsi də dəfələrlə artdı.

Yeri gəlmişkən, Qarabağı növbəti çempionluğu münasibəti ilə təbrik edirəm…”

Gununsesi.info