Türkiyə üçün tarixi gün: İlk astronavt kosmosa gedir – FOTO

  • By admin
  • 17 Yanvar 2024 10:58

Türkiyənin ilk astronavtı Alper Gezeravcını daşıyan raket bu gecə saat 01.11-də kosmosa buraxılacaq.

Gununsesi.info xəbər verir ki, bu mühüm missiya ABŞ-ın cənub-şərq ştatlarından biri olan Floridada həyata keçiriləcək.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ən gənc millət vəkili Zehranur Aydemir və elm adamlarından ibarət heyət ABŞ-a gedib.

İstanbul və Ankarada Sənaye və Texnologiya Nazirliyi tərəfindən meydanlarda “qübbəli çadırlar” adlanan nəhəng günbəzli sahələrdən hazırlanmış planetariumlar yaradılıb. Astronavtın kosmos stansiyasına səyahəti, Ankara ODTÜ Kampusunda yerləşən TÜBİTAK Kosmik Texnologiyalar Araşdırma İnstitutu Yer Stansiyasında çalışan kosmos mühəndisləri və elm adamları tərəfindən anbaan izlənəcək. Açılış mərasimini Türkiyə vaxtı ilə saat 23.00-dan etibarən izləmək olar.

Namizədlər ABŞ, Yaponiya, Almaniya və Türkiyədə təlim keçiblər.

Beynəlxalq Kosmik Stansiyada aparılacaq 13 elmi təcrübə müəyyən edilib. Bu təcrübələr mikroqravitasiya və kosmik mühitlərdə insan genetikası, insan sağlamlığı və biologiyası kimi sahələrdə aparılacaq.

Gezeravcını Axiom Space-in “Ax-3” missiyasında müxtəlif ölkələrdən daha 3 astronavt müşayiət edəcək. Bu şəxslərin ABŞ və İspaniyanı təmsil edən missiya rəhbəri Maykl Lopez-Aleqria, İtaliya Hərbi Hava Qüvvələrindən pilot Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli Markus Wandt olduğu müəyyən edilib.

Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşma yanvarın 19-da saat 13.15-də baş tutacaq. Bu addımla Türkiyənin Milli Kosmos Proqramının ilk insanlı kosmos missiyası öz məqsədinə çatacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Kosmik Stansiyaya (BKS) “ilk insanlı kosmos missiyası” ilə uçan ilk türkiyəli astronavt Alper Gezeravcıya uğurlar arzulayıb. Bu uçuş Milli Kosmik Proqramın birinci mərhələsidir.

Ərdoğan nazirlərlə kabinet iclası keçirdiyini deyib və kabinet üzvlərinin salamlarını Gezeravciyə çatdırıb.

Gununsesi.info