Türkiyə XİN-dən XƏBƏRDARLIQ: “İsrail təcili olaraq bu səhvi düzəltməlidir”

  • By admin
  • 25 Oktyabr 2023 17:01

Qəzza zolağında fələstinlilərə, o cümlədən uşaqlara, xəstəxana xəstələrinə və qocalara, məktəblərə, səhiyyə ocaqlarına və məscidlərə qarşı hücumlar insanlığa qarşı cinayətdir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli nazirin sözlərinə görə, Qəzza zolağında oktyabrın 7-dən bəri baş verən hadisələr bütün bəşəriyyətin vicdanını yaralayıb.

“Vicdanı olan hər kəs bütün dünyanın gözü qarşısında törədilən bu zülmün qarşısını almalıdır”, – deyə Fidan bildirib.

Xarici işlər naziri vurğulayıb ki, Türkiyə Qəzza zolağında günahsız mülki şəxslərə qarşı kollektiv cəzaya çevrilən hücumları heç bir şəkildə qəbul etməyəcək.

“Biz fələstinlilərin Qəzza zolağındakı evlərindən qovulmasını qəbul etməyəcəyik. Bu, təkcə fələstinlilərin təqibi deyil, həm də Misir, İordaniya və Beyrutda vəziyyəti sabitsizləşdirəcək hadisədir. İsrail təcili olaraq bu səhvi düzəltməlidir. Qəzzaya qarşı quru əməliyyatı bu vəhşiliyi əsl qırğına çevirəcək. Müharibənin və Qəzza zolağında mülki insanlara qarşı hücumların dayandırılması üçün görülməli olan mümkün tədbirlər təcilidir. Dərhal atəşkəs elan etmək və humanitar yardım üçün dəhliz yaratmaq lazımdır”, – Türkiyənin xarici işlər naziri bildirib.

Fidan qeyd edib ki, Qəzza zolağı əvvəlki blokadalara nisbətən daha çox dağıntı və itki ilə üzləşib.

“Xüsusən də elektrik və suyun kəsilməsi və zəruri humanitar ləvazimatların Qəzzaya daxil olmasının qarşısının alınması daha böyük humanitar fəlakətə gətirib çıxarır. Və bu fəlakət davam edir”, – nazir qeyd edib.

Nazirin sözlərinə görə, Qəzza zolağında artan itki və dağıntılar regionda baş verənlərə gözlənilməz nəticələrlə reaksiyanın intensivləşməsinə səbəb olacaq.

“Beynəlxalq hüququn pozulmasında iştirak edən bütün tərəflər (İsrail-Fələstin münaqişəsində) ədalət qarşısında cavab verməlidir”, – deyə nazir yekunlaşdırıb.

Öz növbəsində Qətərin xarici işlər naziri Türkiyənin Fələstin xalqının hüquqlarının dəstəklənməsi ilə bağlı mövqeyini yüksək qiymətləndirib.

Gununsesi.info