Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində fəaliyyət göstərən Körfez Azərbaycan Mədəniyyət və İdman Dərnəyinin idman məktəbinin açılışı olub.
Gununsesi.info-ya Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Dərnək Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvüdür.
Açılış mərasimində Kocaeli vilayətinin yerli özünüidarəetmə orqanlarının, diaspor təşkilatlarının, idman cəmiyyət və klublarının, idman ictimaiyyətinin, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən dərnəyin rəhbəri Turqut Caferoğlu Mustafa Kamal Atatürkün idmançılarla bağlı “Mən idmançının zəki, çevik və əxlaqlısını sevirəm’’ fikrini xatırladaraq gələcəyin memarları olan uşaqları savadlı, fiziki və mənəvi cəhətdən sağlam həyat tərzinə alışdırmaq, idmanın kütləviliyini təmin etmək məqsədilə idman məktəbinin təşkil olunduğunu qeyd edib.
Kocaeli Həvəskar İdman Klubları Federasiyasının sədri Murat Aydın idman məktəbinin böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafı baxımından əhəmiyyətini vurğulayıb. M.Aydın idmanın din, dil, irq və digər xüsusiyyətlərdən asılı olmayaraq, insanlar arsında həmrəyliyin yaradılmasında böyük rolundan danışıb və Körfəz qəsəbində idmana göstərilən qayğı və diqqət üçün Körfəz Bələdiyyəsi yerli İdman idarəsinə, TADEF və digər müvafiq qurumların rəhbərlərinə təşəkkürünü bildirib.
TADEF sədri Bilal Dündar isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini tədbir iştiraçkılarının diqqətinə çatdırıb. O, eyni zamanda o, Azərbaycan idmanına və idmançılara dövlətin qayğısından danışıb. Sonra B.Dündar Körfəz Azərbaycan Mədəniyyət və İdman Dərnəyini təbrik edərək burada idmanla məşğul olacaq gənclərə uğurlar arzulayıb.
Körfəz Bələdiyyəsinin təmsilcisi Halil Kiçik “İdmanın Paytaxtı Körfəz” devizi altında qəsəbədə müxtəlif tədbirlərin həyata keçirildiyini və belə tədbirlərin davam etdilicəyinin bildirərək iştirakçılara təşəkkür edib.
Gülnaz Qənbərli
Gununsesi.info