Türkiyədə daha bir “Mossad” əməliyyatı: 7 nəfər saxlanıldı

  • By admin
  • 02 Fevral 2024 15:29

Türkiyə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a məlumat ötürdüyü iddia edilən 7 şübhəlinin saxlanıldığını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” dövlət agentliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsi şübhəlilərin tutulması üçün İstanbul və qərbdəki İzmir vilayətində birgə əməliyyat keçirib.

Əməliyyatlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları order əsasında axtarışda olan 9 şübhəlidən 7-ni saxlayıb. Onlardan ikisi daha əvvəl həbs edilib.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində məlum olub ki, 9 şübhəli şəxsi detektivlər vasitəsilə “Mossad”a məlumat satıb.

Xatırladaq ki, yanvarın əvvəlində Türkiyədə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”a casusluqda ittiham olunan 34 nəfər saxlanılıb. Daha sonra İstanbul məhkəməsi onlardan 15 nəfərin həbsinə qərar verib.

Gununsesi.info