Türkiyədə fələstinli uşaqlara dəstək aksiyası keçiriləcək

  • By admin
  • 20 Noyabr 2023 15:27

20 Noyabr – Dünya Uşaqlar Günündə Qəzzada və bütün Fələstində yaşayan uşaqların hüquqlarına dəstək aksiyası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, “Bir şey et” kampaniyası Ankara Yardım Platforması tərəfindən həyata keçirilir.

Aksiya çərçivəsində yerli vaxtla saat 21:00-da Türkiyə və digər ölkələrin sakinləri Qəzza zolağında uşaq ölümlərinə diqqət çəkmək üçün işıqlarını söndürüb yandıracaqlar.

“Bu, İsrailin Qəzza zolağında törətdiyi qırğınların 44-cü günüdür. Müharibə cinayəti kimi təsnif edilən İsrailin hücumları nəticəsində 13 mindən çox Qəzzalı mülki həlak olub. Onların arasında minlərlə uşaq və körpə də var”, – Platformanın bəyanatında deyilir.

Qeyd olunur ki, kampaniya İsrailin uşaqlara qarşı cinayətləri bitənə qədər davam edəcək.

Həmçinin bildirilir ki, “Bir şey et” kampaniyası zamanı yaradılan məzmun və foto-video materiallar #birşeyyap və #dosomething həştəqləri ilə sosial şəbəkələrdə yayılacaq.

Gununsesi.info