
Bu gün Türkiyədə ilk rəsmi Azərbaycan tədris ocağı – Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun adına təhsil kompleksi açılıb.
Gununsesi.info xəbər verir ki, “Palmali Holding” şirkətinin prezidenti, azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovun maliyyə dəstəyi ilə ərsəyə gələn, Azərbaycan ümumtəhsil proqramı əsasında fəaliyyət göstərəcək bu təhsil müəssisəsi İstanbulda yaşayan azərbaycanlı uşaqların üzünə qapılarını açıb.
Onların arasında ilk dəfə məktəb dəhlizlərində ayaq basan, oxumaq və yazmaq bilməyən 15 yaşlı uşaqlar da var. Təhsil-tədris ocağı müvəqqəti olaraq Türkiyədə yerləsmiş azərbaycanlı ailələrin uşaqlarına bilik və savad verəcək.
İlk dəfə geniş dəhliz və siniflər görən balacaların sevinci hədsiz olub. Onlar sanki İstanbulda bir parça Azərbaycan görüblər. Bu uşaqların əksəriyyəti yarı zirzəmi qatlarında yaşayırlar.
Bu tədris müəssisəsi onlar üçün təkcə bilik məbədi, yaşıdları ilə ünsiyyət qurmaq məkanı deyil, həm də ciyərdolusu nəfəs verən bir evdir.