Rəcəb Tayyib Ərdoğanın lideri olduğu AKP-nin bələdiyyə seçkilərindəki məğlubiyəti bu ölkədə erkən prezident seçkilərini gündəmə gətirib.
Gununsesi.info-nun xəbərinə görə, artıq əksər siyasi qüvvələr və analitiklər bunun qaçılmaz olduğunu deyib.
Bələdiyyə seçkilərində ölkə ərazisində uğurlu nəticə əldə edən Yeniden Refah Partiyasının İstanbul Bələdiyyə başqanı namizədi Mehmet Altınöz də bu barədə danışıb.
Altınöz deyib ki, Türkiyənin növbədənkənar seçki keçirmək öhdəliyi var: ” Çünki mətbəxdə yanğın var. İnsanların cibində pul qalmayıb, biznesmenlər bizneslərini bağlayırlar. Nəticədə növbədənkənar seçkilər qaçılmazdır. Deyəcəksiniz ki, seçki mayın 14-də keçirilib, bu qədər tez erkən seçki ola bilərmi? Bu mümkündür. Çünki yerlərdə apardığımız seçki kampaniyasında rastlaşdığımız o oldu ki, insanlar anlaşa bilmirdilər. Biz 56 faiz aclıq, 90 faiz isə yoxsulluq həddində yaşayan ölkədə yaşayırıq. Təəssüf ki, xalqımız hazırda dolana bilmir. 10 min lirə pensiya ilə yaşayan 10 milyondan çox pensiyaçımız var”.
Qeyd edək ki, Yenidən Rifah Partiyası bu seçkilərdə 6,19 faiz səslə ölkənin üçüncü ən böyük partiyası olub.
Türkiyədə erkən prezident seçkilərinin mümkünyü barədə Avropa mediasında da proqnozlar yer alıb.
Avropa mediası yazır ki, 20 illik hakimiyyəti olan Ərdoğan üçün çətin dövr başlayıb.
“Ölkədəki sosial-iqtisadi durum da erkən seçkiləri reallaşdıra bilər” deyə yazılarda bildirilir.
Afət Abbasova
Gununsesi.info