
Türk Hava Yolları və “Pegasus” İstanbulda çətin hava şəraiti ilə əlaqədar bazar gününə planlaşdırılan ümumilikdə 143 reysi təxirə salıb.
Gununsesi.info xəbər verir ki, bu barədə aviaşirkətlər məlumat yayıb.
Şənbə günü Türk Hava Yolları 40-a yaxın daxili və beynəlxalq reysi, “Pegasus” isə hava şəraiti ilə əlaqədar 44 reysi ləğv edib.
Bazar gününə gəlincə, Türk Hava Yolları İstanbul Hava Limanından 82, Sabiha Gökçen Hava Limanından 23 reysi ləğv edib.
“Pegasus” Sabiha Gökçen Hava Limanından 38 reysin ləğv edildiyini açıqlayıb.
Sinoptiklər bəzi yerlərdə sürəti saatda 110 kilometrə çatan qasırğa və leysan yağışları səbəbindən həftə sonu üçün İstanbulda sondan əvvəlki narıncı təhlükə səviyyəsini açıqlayıblar. Xəbərdarlıqlar Türkiyənin bir sıra digər bölgələrinə də aiddir.
Gununsesi.info