Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda döyülərək cinsi istismara məruz qalan və beyninə qan sızan 2 yaşlı Sıla adlı körpənin öldüyü ilə bağlı xəbərlər yayılıb. Tekirdağ Vəkillər Kollegiyası Başçısı Egemen Gürcün xəbərlərin həqiqətəuyğun olmadığını bildirib və uşağın vəziyyəti ilə bağlı açıqlama verib.
Bu barədə Gununsesi.info Oxu.Az – a istinadən xəbər verir.
Egemen Gürcünün sözlərinə görə, Sıla sağdır, müalicəsi davam edir və vəziyyəti stabildir.
Xatırladaq ki, sentyabrın 5-də zorakılığa və cinsi istismara məruz qalmasına baxmayaraq, sentyabrın 8-də anası tərəfindən xəstəxanaya gətirilən Sılanın beyninə qan sızdığı müəyyən edilib və beyin əməliyyatı keçirib. Reanimasiyaya yerləşdirilən körpənin vəziyyəti ciddi olaraq qiymətləndirilib.
Hadisə ilə bağlı körpənin anası və anasının birlikdə yaşadığı kişi, ailənin qonşusu və qonşunun 13 və 14 yaşlarında oğulları olmaqla, 5 nəfər həbs edilib. Sılanın 5 yaşında bacısı isə dövlət himayəsinə götürülüb.
Araşdırma nəticəsində qonşunun 13 və 14 yaşlarında iki oğlunun Sılaya zorakılıq və təcavüz etdiyi, uşağın anasının, dini nikahda olduğu ərinin və qonşunun isə hadisəni ört-basdır etdiyi məlum olub.
Həmçinin 2 yaşlı körpənin təcavüzünə dair ortaya çıxan yeni təfərrüat dəhşətə gətirib. Belə ki, müayinə zamanı uşağın bədənində 42 diş izi aşkarlanıb. İzlərin 3 və 10 günlük olduğu müəyyən edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Gununsesi.info