
“Seçki mühiti gərgin dartışmalar şəraitində keçsə də, vətəndaş birliyini, daxili həmrəyliyi sarsıda bilmədi”
Türkiyədəki seçkilərin nəticələri bütün dünya ölkələrində analiz edilir. Regiona və dünyaya təsirləri araşdırılır.
Son Prezidentlik və Parlament seçkilərinin nəticələri, onların Azərbaycana və Qafaqaza təsirləri ilə bağlı “Pressklub.az” saytının Baş redaktoru Qabil Abbasoğlu Gununsesi.info ilə öz analizlərini bölüşüb.
Abbasoğlu Türkiyənin bizə regionda ən yaxın dövlət olmasını vurğulayaraq, Azərbaycana bu seçkinin siyasi-iqtisadi və digər sferralarda təsir edə biləcəyini vurğulayıb.
“Bu təsir, sözün yaxşı mənasındadır. Seçkilər dönəmindən öncə də bütün ideoloji planlamamızı, hesablamamızı və ümidlərimizi Türkiyə üzərindən qururuq. Dağlıq Qarabağ probleminin həllində də son ümid kimi, Türkiyəni görürdük. Prosesə müdaxilə etməsi və ədalətin öz yerini tapması baxımından. Şükür ki, belə də oldu. Digər kiçik məsələlər də, yəqin ki, həll olunar. Bu baxımdan, Türkiyənin regionumuza təsiri danılmazdır”.
Qabil Abbasoğlu vurğulayıb ki, seçki məsələsi bu təsiri bir az da aktuallaşdırılıb. Onun fikrincə, Türkiyədə bir siyasi kurs dəyişikliyi gözlənilirdi.
“Seçki hər bir ölkənin öz daxili işidir. Vətəndaşlar necə hesab edirlərsə, o cür də qərar verirlər. Biz Türkiyə üçün yaxın toplumuq. Eyni millətik, eyni soydan gəlirik. Biz seçicinin iradəsinə hörmət etməliyik. Türkiyə vətəndaşı kimi özünə rəhbər görmək istəyirsə, biz də cəmiyyət olaraq, bununla razılaşmalı və qəbul etməliyik. Edirik də.
Hesab edirəm ki, Türkiyə seçicisi bu seçkidə şəxslərə deyil, konsepsiyalara səs verdi. Onlar Türkiyə dövlətinin inkişaf yolu və beynəlxalq arrenadakı yeri ilə bağlı qərar verdi. Bu ondan ibarətdir ki, Türkiyə daxilində bəlli səviyyədə azadlıqlar boğulur. İqtisadi-sosial həyatda şikayətlər çoxdur. Bütün cəmiyyətlərdə olan problemlər və neqativ hallar Türkiyədə də var. Bizə daha yaxın olduğu üçün bizi daha çox ağrıdır”.
Baş redaktor açıqlamasında bildirb ki, son dönəmlərdə Türkiyədə avtoritarizmin xarakter almağa başladığı idarəetmə tipi yaranıb.
“Bunlar bizi narahat edirdi. O baxımdan ki, bunun gələcəyi arzuedilməz bir yerə gəlib çıxa bilər. Ancaq bu, daxil ilə bağlıdır. Lakin bu güclü dövlət, güclü idarəçilik və liderin dünya arenasında yeri möhkəmlənməyə başlamışdı. Türkiyə artıq nəinki böyük, ikinci dərəcəli dövlət olmaqdan çıxıb dünyada bəlli proseslərin iştirakçısı olan dövlətə çevrilmişdi. Seçici üçün bir tərəfdə bu siyasət vardı. İkinci tərəfdə isə; Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu Türkiyənin Parlamentli Respublikaya çevirməyi təklif edirdi. Vəd vermişdi. Türkiyə hansısa üçüncü dünya ölkəsi deyil ki. Orada Prezidentliyə namizəd vəd verdisə, onu yerinə yetirməyə borcludur. Əks halda, seçici onu yerində saxlamaz.
Bu vəd yerinə yetirilsə idi, konstitusiya dəyişikliyi olacaqdı və Türkiyə Parlamentli respublikaya çevriləcəkdi. Türkiyə Şərq dünyasının tərkib hissəsidir. Elə bir regional mövqedədir ki, burada parlament və güclü idarəetmə olmadan dövlətin yerini və önəmini artırmaq və saxlamaq çətindir”.
Müsahibimiz söyləyib ki, Parlamentli respublika daxildə bəlli siyasi azadlıqlara və insan hüquqlarına təkan verəcəkdi. Onun fikrincə, bu, beynəlxalq müstəvidə Türkiyənin yerinə önəmli dərəcədə təsir göstərəcəkdi.
“Ancaq bütün variantlarda olsa belə, seçkilərin tam nəticələri rəsmən açıqlanmayıb. Namizədlərdən kim qələbə qazansa, mənim üçün bu, Türkiyə seçicilərinin iradəsidir və ona çox dərin hörmətlə yanaşıram. Daxildəki neqativlərə baxmayaraq, bu seçkinin nəticələri ilə Türkiyənin regionda böyük dövlət mövqeyini saxlaması Azərbaycanın regiondakı çəkisinə və önəminə təsir edir.
Azərbaycan xalqının və siyasətçilərinin Türkiyədəki seçkidən götürəcəyi və öyrənəcəyi dərs nə olmalıdır sualını isə Abbasoğlu bu cür cavablayıb:
“Bu dərs yalnız Türkiyə seçkilərindən götürülməməlidir. Bu dərs yüz illərdir ki, yazılmış kitablarda və dövlətlərdə sınaqdan keçirilmiş bir dərsdir. Onu öyrənib, oxuyub, hazırlanmaq lazımdır. Bu dərsi həyata keçirmək lazımdır. Demokratiya kitabında yazılanları reallaşdırmaq lazımdır. İslahatlar hər bir dövlətdə zəruri və önəmlidir”.
Baş redaktor bunun dövlətlərin ayaqda qalması, hətta inkişafı üçün önəmli olduğunu vurğulayır.
Abbasoğlunun düşüncəsinə görə, Türkiyədəki seçkilərin ibrət götürüləsi tərəfi odur ki, xalq, cəmiyyət və seçici çox səliqəli şəkildə bir seçki prosesi keçirib, iştirak etdilər:
“Tərəflərin hüquqlarına qarşılıqlı hörmət… Kiçik epizodik halları nəsərə almasaq, nəticələrə təsir edəcək heç bir ciddi saxtalaşdırma faktı hələlik ortaya çıxmayıb.
Ümumi seçki mühiti nə qədər gərgin və dartışmalar şəraitində keçsə də, vətəndaş birliyini, daxili həmrəyliyi sarsıda bilmədi. Arzu edərdim ki, Azərbaycan da Türkiyənin və bütün dünyanın keçdiyi bu yolda irəliləməyə davam etsin. Biz də deçokratik islahatlar və optimal idarəçilik nümunələri ilə öyünə bilək”.
Arzu S.