Türkiyədən Azərbaycana daha bir qardaş dəstəyi -FOTOLAR

Məlum olduğu kimi, İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib.

Gununsesi.info  xəbər verir ki, Naxçıvan hava limanının bağlanması Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsinin müvəqqəti kəsilməsinə səbəb olub. Bu vəziyyəti nəzərə alan Türkiyə tərəfi Bakıdan Naxçıvana uçan təyyarələrin Iğdıra enməsi və sərnişinlərin xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılması təklifini irəli sürüb. Rəsmi Bakı bu təklifi qəbul edib və artıq Bakıdan qalxan təyyarələr Iğdır hava limanına eniş edir.

Artıq ötən gün ilk mərhələdə beş sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatıb.

Iğdıra gedən sərnişinləri hava limanında Iğdır millət vəkili Cantürk Alagöz, Iğdır vali müavini Ahmet Gökçecik, Azərbaycanın Kars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiya Iğdır il təşkilatının sədri Ali Kemal Ayaz və Iğdır hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.