Türkiyədən Fransa üzərində TARİXİ QƏLƏBƏ

  • By admin
  • 15 Dekabr 2021 13:42

“Middle East Monitor” qəzetində dərc olunan məqalədə Türkiyə ilə bağlı maraqlı təfərrüatlar yer alıb.

Gununsesi.info  xəbər verir ki, məqalədə Türkiyənin Afrika qitəsində ən böyük paya sahib olan Fransa və İngiltərəni belə geridə qoyaraq necə uğur qazanmasının səbəbləri qeyd edilib.

HTML tutorial

Afrikalıların ilk dəfə özlərini istismar etmək istəməyən bir ölkə ilə ortaq olmaqdan zövq aldıqları və onlara qardaşcasına yanaşdıqları vurğulanıb. Türkiyənin Afrikada yüksəlişi davam etdiyi vaxtda afrikalılar əvvəllər heç vaxt yaşamadıqları bir şeyi yaşayırlar: istismar edilmədən tərəfdaş olmaq.

“Middle East Monitor”da dərc olunan məqalədə deyilir:

“Ekspertlərin fikrincə, Türkiyə Afrikaya yeni daxil olmuş ölkə olsa da, inam, qarşılıqlı maraq və tərəfdaşlıq ruhuna əsaslanan səmimi yanaşması ilə qitənin bir çox ölkəsinin könlünü fəth edir. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, İstanbul 17-18 dekabr tarixlərində üçüncü Türkiyə-Afrika Tərəfdaşlıq Zirvəsinə ev sahibliyi edəcək və Türkiyənin Afrika İttifaqı və bu qitədəki ölkələrlə əlaqələrində yeni mərhələyə başlayacağı gözlənilir.

Keyptaun Universitetinin araşdırmasına görə, Türkiyə qitədəki ölkələrlə vicdanlı münasibətlərinə görə Afrika ilə əlaqələrini inkişaf etdirə bilir. Türkiyənin təmiz keçmişi var. Türkiyə Afrikanı heç vaxt müstəmləkəsi etməyib. Türkiyənin qitədə müstəmləkə irsi olmaması afrikalılarla türklər arasında inam yaradır və oun işini asanlaşdırır.

Türkiyənin bütün qitədə 40-dan çox səfirliyinin olduğunun qeyd edildiyi araşdırmada bildirilib ki, Ankara on ildən az bir müddətdə qitədə bir çox qurum yaradıb, humanitar yardımlar paylayıb, təhsil təqaüdü verib, məktəblər təsis edib, inkişaf layihələrini dəstəkləyib.

Türkiyənin Afrika qitəsində fəaliyyət göstərən nüfuzlu dövlət qurumları arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu, Maarif Vəqfi və Diyanət Vəqfi var.

Yohannesburqda yerləşən Media Araşdırmaları Şəbəkəsinin baş elmi işçisi Mustafa Mxeta Türkiyə-Afrika Tərəfdaşlıq Sammitinin tam uğurla keçəcəyini gözlədiyini, afrikalıların Türkiyənin onlara bərabərhüquqlu tərəfdaş kimi yanaşmasına əhəmiyyət verdiyini söyləyib.

“Türkiyənin Afrikaya yanaşması digərlərindən tamamilə fərqlidir. Bu, qarşılıqlı qazanc siyasətinə və real ortaqlığa əsaslanır”, – Mxeta deyib.

O, Ankaranın yanaşmasının bəzi Qərb ölkələrində olduğu kimi, zorakılıq və manipulyasiyaya əsaslanmadığını, Ankaranın bu yanaşmasının həmişə qalib gələcəyini əlavə edib. Türkiyənin Afrika ölkələrinin daxili işlərinə qarışmamaq siyasətinin dostluq əlaməti olduğunu bildirən Mxeta vurğulayıb: “Afrikanın ağalara deyil, ortaqlara ehtiyacı var”.

Ekspertlər hesab edirlər ki, Türkiyə Afrikaya olan hörmətinə görə qitədəki yerini gücləndirməyə davam edəcək. Osmanlı İmperiyası qitəyə şərəfli miras qoyub. Türk xalqı Qərbdən fərqli olaraq, heç vaxt Afrikanı “Qara qitə” adlandırmayıb. Afrika bunu unutmur. Osmanlı türk alimlərini dəri rənginə görə ayırmadan insanlara təhsil vermək üçün Cənubi Afrikaya göndərmişdi. Bu, afrikalıları türklərlə dostlaşdırıb. Təəssüf ki, Qərb hələ də Afrikanı mədəniyyətsiz, inkişaf etməmiş qitə kimi görməkdə davam edir”.

Gununsesi.info