Türkiyəli deputatlardan Azərbaycana DƏSTƏK: “İşğalçılar məhv edilməlidir!”

Ermənistan silahlı qüvvələrinin iyulun 13-də və 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hücuma keçmək cəhdi düşmənin geri oturdulması ilə nəticələndi. Şiddətli döyüşlərdə Azərbaycan ordusu şəhidlər verdi, işğalçıların da itkisi az deyil.

Azərbaycanın dövlət sərhədindəki mövqelərimizi ələ keçirmək cəhdi Ermənistanın təcavüzkar olduğunu bir daha dünyaya nümayiş etdirdi.

Gununsesi.org xəbər verir ki, Türkiyədəki siyasi partiya təmsilçiləri olan millət vəkilləri Modern.az-a erməni təxribatını pisləyən açıqlamalar veriblər.

“Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törədilən təxribat həm də ermənilərin Birləşmiş Millətlər Təşkilatının koronavirusla əlaqədar atəşkəs çağırışına əməl etməməsinin sübutudur”,-deyə Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf partiyasının üzvü (AKP) Şamil Ayrım bildirib. 

Deputat Ermənistanın bölgədə sülh istəmədyini də diqqətə çatdırıb:

                       

“Bütün dünya COVID-19-a qarşı mübarizə apararkən, Ermənistan əvvəlcə Qarabağda beynəlxalq təşkilatlar tərəfindən tanınmayan “parlament və prezident seçkiləri” keçirdi. İndi isə Tovuz sərhəd bölgəsində belə bir hücum və təxribat törədir. Ermənistanın bölgədəki sabitliyi davamlı pozması və dünənki hücumlar İrəvan administrasiyasının bölgədə sülh və sabitlik istəməməsinin ən vacib sübutudur.

Bu, həm də erməni tərəfinin Birləşmiş Millətlər Təşkilatı Baş katibinin COVID-19 səbəbiylə qlobal atəşkəs çağırışına verdiyi dəstəyi tanımamasının sübutudur. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini və təcavüzkar hərəkətlərini qınamağa və qardaş ölkənin ərazi bütövlüyünün təmin edilməsinə dəstək olmağa çağırırıq. 

İyulun  12-dən Tovuz istiqamətdə Ermənistan qoşunları tərəfindən  atəşkəs pozulub. Hazırda cəbhədə vəziyyət gərgindir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Əlbəttə, Ermənistanın hücuma keçməsi ilk və son hadisə deyil. Türkiyə hər zaman Azərbaycanın yanındadır”.

 

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Atilla Sertel:

“Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz bölgəsidir. Təəssüf ki, uzun müddətdir  işğal edilib. O torpaqlarda sakitliyin bərqərar olması üçün işğalçıların məhv edilməsi gərəkdir. Düşünürəm ki, o torpaqlarda yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmalıdır. Bu savaş bitdiyi günə qədər Türkiyə Azərbaycanın yanında olacaq. Türkiyə hər zaman dotluq və qardaşlığımızı “tək millət, iki ayrı bayraq” kimi dəyərləndirilib. Azərbaycanın və Azərbaycan xalqının yanındayıq”.

Gununsesi.org