Türkiyə və Azərbaycan həm kədərli, həm də sevincli gündə biryerdədir.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Kriter” dərgisinə müsahibəsində deyib.
O qeyd edib ki, strateji müttəfiqliyi möhkəmləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün birgə səylər uğurla davam edir.
“Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq. Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.
Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və ən qısa zamanda müsbət nəticə əldə etməyi arzulayırıq”, – nazir vurğulayıb.
Yaşar Gülər Azərbaycan və Ermənistan arasında etimadı artıran addımların atılması istiqamətində son vaxtlar qəbul edilən qərardan məmnun olduğunu diqqətə çatdırıb.
“Noyabr ayında biz Bakıda Azərbaycan və Gürcüstanla müdafiə nazirlərinin üçtərəfli 10-cu görüşünü keçirdik və bu görüş hər üç ölkənin geniş spektrli məsələlər, o cümlədən hərbi və təhlükəsizlik məsələləri üzrə ümumi maraqlarına və gözləntilərinə xidmət edib.
Regional sabitlik üçün səylərimiz bir çox cəhətdən davam edəcək”, – nazir qeyd edib.
Gununsesi.info