Düzdür, Ukraynada baş verən müharibənin əsas səbəblərindən biri də rəsmi Kiyevin Alyansa üzv olmaq istəyi ilə bağlıdır. Bununla belə, Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edib. Onlar bu addımı atmaqla özlərini perspektivdə Rusiyadan gözlənilən mümkün təhlükədən qorumaq niyyətindədir. Nə qədər paradoksal olsa da, Ukrayna Alyansa üzv olmaq istədiyindən Rusiya bu ölkənin ərazisinə müdaxilə edir, İsveç və Finlandiya da RF-dən özünü qorumaq məqsədilə NATO-ya üz tutur. Bunu onların təbii özünüqoruma hissi kimi də qəbul etmək olar. Çünki keçmişdə Rusiya və keçmiş SSRİ bu iki ölkəyə qarşı təcavüzkar davranıb. Həmin hadisələri perspektivdə yenidən yaşamamaq üçün bəri başdan təhlükəsizliklərini qorumaq üçün tədbirlər görülür. Bu kimi hallarda güclü blokda olmaq, yaxud güclülər tərəfindən himayə edilmək də təhlükədən yayınmaq istəyənlərin hədəflərindəndir. Ancaq Finlandiya və İsveç də başqasının, Türkiyənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyinə qarşı bir zamanlar fəaliyyət göstərənlərə yardım etdiklərinə görə cavabını verməyin indi zamanıdır.
Yeri gəlmişkən, İsveç Türkiyənin ərazi bütövlüyünü təhdid edən terrorçu PKK və onun törəmələrinə davamlı yardım edən ölkələrdəndir. Finlandiya və İsveç Türkiyənin ərazi bütövlüyü və suverenliyinə təhlükə törədənlərə sığınacaq verir. Terrorçu PKK qruplaşması və onun Suriyadakı qolu YPG/PYD silahlıları hər gün Türkiyədə müxtəlif formada terrorlar törədir, mülki şəxslərə, polis əməkdaşlarına, hərbçilərə hücum edirlər. Ancaq bu ölkələr Alyansa üzv qəbul edildikdən sonra Türkiyə ilə strateji müttəfiq olacaqlar. O halda öz müttəfiqinin ərazi bütövlüyünü təhdid edən terrorçuları İsveç və Finlandiya hansı əsasla dəstəkləyəcək? Qeyd edək ki, İsveç hakimiyyəti terrorçu PKK-ya 210 milyon dollar yardım edib. 2021-ci ilin dekabrında isə İsveçin xarici işlər naziri Ann Linde PKK-nın Suriyadakı qollarının yaratdığı “Demokratik İttifaq”ın nümayəndələri ilə görüşərək 2023-cü ildə terrorçu qruplaşmaya 376 milyon dollar yardım edəcəklərinə boyun olub.
Türkiyə 70 ildir NATO-nun üzvüdür. 1952-ci il fevralın 18-də Yunanıstan və Portuqaliya ilə birgə quruma üzv olub. O vaxt sənədləri mərhum Prezident Cəlal Bayar imzalayıb. Bununla da NATO üzvlərinin sayı 12-yə çatıb (ABŞ, Böyük Britaniya, Belçika, Kanada. Danimarka, Fransa, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Norveç, Türkiyə, Portuqaliya, Yunanıstan). Türkiyə Alyansa qoşulanda Koreya müharibəsi gedirdi. Türkiyə bu savaşda müttəfiqlərini, onların hədəflərini hərbçilərinin canı, qanı bahasına müdafiə etdi. Tutaq ki, NATO-ya üzv olandan sonra Rusiya İsveç və Finlandiyaya hücum etdi. O halda Türkiyə Alyansın üzvü olaraq, qurumun nizamnaməsinə əsasən bu dövlətlərin ərazi bütövlüyü və suverenliyini müdafiə etməlidir. Deməli, Türkiyə hərbçisi onu qətlə yetirən terrorçuya maddi, mənəvi, siyasi, sosial, hərbi, maliyyə yardımı edən dövlətin varlığı uğrunda vuruşmalı və ölməlidir. Odur ki, Türkiyənin ABŞ başda olmaqla NATO-dakı müttəfiqlərindən bu kimi dolaşıq və təzadlı məsələlərdə suverenlik və təhlükəsizliyin qorunması baxımından aydınlıq gətirilməsini istəməsi təbiidir, hüquqi baxımdan qanunidir.
Rəsmi Ankara 41 il öncəki hadisəni təkrar etmək istəmir. 1974-ci ildə Şimali Kiprdə baş verənlərə etiraz olaraq, Yunanıstan Alyansa üzvlükdən çıxmışdı. Ancaq 1981-ci ildə NATO-ya qayıtmaqla bağlı müraciət etdi. Onda Türkiyə yunanların geri qayıdışına etiraz etməmişdi. Rəsmi Ankaranın bu xoşməramlı jesti qarşılığında Yunanıstan NATO-dakı müttəfiqi olan Türkiyəyə qarşı fəaliyyətini indiyədək davam etdirir. Türkiyənin düşmənlərinə yardımlar edir. Bu baxımdan, rəsmi Ankara indiki və perspektiv müttəfiqləri arısında müəyyən şərtlər irəli sürməsindən qıcıqlanmaq, onu rusiyayönümlü saymaq məntiqli görünmür. Türkiyə NATO-dakı müttəfiqlərinin əvvəllər tələb etdiklərini İsveç və Finlandiyadan da istəyir. Bura, ilk növbədə, Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyini təhdid edənlərin dəstəklənməməsi, onlara yardım edilməməsi, müdafiə olunmaması daxildir. Türkiyə müttəfiqlərindən PKK qruplaşması və onun YPG, PYD kimi qollarının, habelə onların yaratdığı müxtəlif adlı ictimai, siyasi və silahlı dəstələrin terrorçu olaraq tanınmasını, PKK-nın Avropadakı “təmsilçiləri”nin, o cümlədən Zübeyr Aydar kimi terrorçuların fəaliyyətinə imkan verilməməsini istəyir. Rəsmi Ankara müdafiə sənayesi sahəsində Rusiya istehsalı olan “S-400”lə bağlı Türkiyəyə tətbiq edilən sanksiyaların qaldırılmasını, “F-35” qırıcıları ilə bağlı layihəyə qayıtmasını, “F-16”ların tədarükü kimi məsələlərdən faydalanmağı tələb edir.
Bəs Türkiyə öz tələblərində haqlıdır? Baş verənlər, Türkiyənin terrora qarşı mübarizəsi, NATO tərkibində fəaliyyəti rəsmi Ankaranın tələblərinin əsaslı olduğunu təsdiqləyir.
Yeri gəlmişkən, terror İsveçdən də yan keçməyib. 1986-cı il fevralın 28-də İsveçin Baş naziri olmuş Sven Olaf Yoakim Palme terror qurbanı olub. Onu terrorçu PKK-nın qətl etdiyi barədə ehtimallar var. İndiyədək Olaf Palmenin ölümü ilə bağlı cinayətin üstü açılmayıb.
Mayın 18-də ABŞ-ın dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə “Türkiyə-ABŞ Strateji Mexanizmi”nin Nyu-Yorkda ilk toplantısı reallaşıb. Həmin yığıncaqda iki ölkə arasında əməkdaşlığın genişləndirilib inkişaf etdirilməsi, habelə tərəflər arasında problemli məsələlərin həllinə dair müzakirə olub. Bu görüşdən əvvəl ABŞ Prezidenti Cozef Bayden və dövlət katibi Antoni Blinkenin İsveç və Finlandiyanın üzv olacağını əminliklə bəyan etmələri rəsmi Ankaranın tələblərinin təmin olunacağını ehtimal etməyə əsas verir. Çünki indiki şəraitdə Türkiyə ABŞ-a, Avropa İttifaqına üzv ölkələrə, habelə NATO-ya daha çox lazımdır. Rəsmi Ankara Rusiya və Ukrayna ilə əlaqəsi olan tərəflərin, hər iki ölkə prezidentlərinin qəbul etdikləri tək-tək vasitəçilərdəndir.
Hamı Ukraynada dünyanın gələcəyinin həll olunduğunu iddia edir. Bu zaman ölkələrin suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması əsas götürülür. Deməli, Finlandiya və İsveçin də NATO-ya üzvlüyü üçün bu prinsiplər keçərlidir. O zaman Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini təhdid edənlərə sığınacaq verənlərin, hərtərəfli yardım göstərənlərin Ankaradan bəhs etdiyimiz məsələdə dəstək istəməsi yersiz görünür.
Bu və başqa məsələlərə iyunda aydınlıq gələcəyi ehtimal olunur. Çünki iyunun 28-30-da İspaniyanın paytaxtı Madriddə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının üç günlük Zirvə toplantısı keçiriləcək. Həmin sammitdə Finlandiya və İsveçin Alyansa üzvlüyünə, Türkiyənin istəklərinə də aydınlıq gələ bilər. Türkiyənin istəkləri təmin olunmadan yeni üzvlərin qəbulu ilə bağlı qərar qəbul edilərsə, bu, Alyans daxilində böhrana səbəb olar. Bu da Türkiyənin Alyansı tərk etməsi ilə də nəticələnə bilər. Müzakirələr NATO üzvlərinə və üzv olmaq istəyənlərə münasibətin ikili olduğunu bir daha sübut edir. Baş verənlər Alyans daxilində quruluş və nizamnamə baxımından yenilənməyə də ehtiyacın olduğunu isbatlayır. Bu kimi məsələlərə də yayda aydınlıq gələ bilər. Odur ki, bu yay dünyanın siyasi arenası çox isti olacaq.
Gununsesi.info