Yunanıstanda ABŞ administrasiyasının Türkiyəyə 40 ədəd F-16 döyüş təyyarəsi satmasına razılıq verməsi gündəmdə qalmaqda davam edir.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ Dövlət Departamenti Konqresə 40 ədəd F-16 “Block 70” döyüş təyyarəsi və 79 ədəd F-16 modernizasiya dəstinin Türkiyəyə satışını təsdiqləyən rəsmi bildiriş göndərib.
Bu arada ABŞ administrasiyası da F-35-lərin Yunanıstana satışı ilə bağlı Konqresə rəsmi bildiriş verib.
Bu proseslər Yunanıstan ictimaiyyətində mübahisə yaratsa da, ölkənin aparıcı qəzetlərindən olan “Kathimerini” diqqət çəkən iddia ilə çıxış edib. Qəzet Türkiyənin ABŞ-dan alacağı F-16 döyüş təyyarələrinin Yunanıstan adaları üzərində uçmaması və yalnız NATO məqsədləri üçün istifadə edilə bilməsi şərtinin olduğunu iddia edib.
Qəzetə danışan “etibarlı diplomatik mənbələr” bu şərti ehtiva edən gizli məktubun ABŞ Dövlət Departamenti tərəfindən ABŞ Konqresindəki komitələrə göndərildiyini bildirib. Məktubda həmçinin iddia edilib ki, Türkiyə bu şərti pozarsa, ABŞ F-16 proqramını dayandırmağı öhdəsinə götürüb.
Qəzet həmçinin Yunanıstana dost olan Konqres üzvlərinin verdiyi vədlərə əsaslanaraq, Afinanın məktubun qənaətbəxş olduğuna inandığını yazıb.
Xəbərdə ABŞ Dövlət Departamentinin “Türkiyənin Şərqi Aralıq dənizi və Ukraynadakı fəaliyyətinə şübhə ilə yanaşan Konqres üzvlərini F-16-ları satmağa razı salmaq üçün” bu şərti qoyduğu şərhi də yer alıb.
Gununsesi.info