Türkiyəyə 23 milyard dollar dəyərində F-16 qırıcıları və modernləşdirmə dəstlərinin satışına qadağan qoyulmasını ehtiva edən qətnamə böyük səs çoxluğu ilə ABŞ Senatı tərəfindən rədd edilib.
Türkiyə İsveçin NATO üzvlüyü qarşısından maneəni qaldırdıqdan sonra Bayden administrasiyası Türkiyəyə F-16 qırıcılarının satışına icazəni təsdiqləmişdi.
Reuters yazır ki, senator Rand Pol tərəfindən təqdim olunmuş qətnamənin əleyhinə 79, leyhinə isə 13 senator səs verib.
Özünün rusiyayönlü və anti-Türkiyə mövqeyi ilə tanınan senator Pol səsvermədən əvvəl Türkiyə hökumətini tənqid etmiş və bildirmişdi ki, bu satışa imkan verilməsi Ankaranı “pis davranışa daha da ürəkləndirəcək”.
Lakin Türkiyəyə F-16-ların satışına tərəfdar olan senatorlar vurğulayıblar ki, Vaşinqton NATO müttəfiqinə verdiyi sözün üstündə durmalıdır.
Bayden administrası yanvarın 26-da Türkiyəyə 40 ədəd Lockheed Martin şirkəti istehsalı F-16-ların və təxminən 80 modernləşdirmə dəstinin satışına icazə vermək niyyətində olduğu barədə Konqresi rəsmən məlumatlandırıb.
Bundan bir gün əvvəl Ankara İsveçin NATO üzvlüyünə yaşıl işıq yandırmışdı.
Bu təyyarələrin satışı İsveçin NATO üzvlüyü üçün protokolun ratifikasiyası da daxil bir sıra məsələlərlə bağlı aylarla yubadılıb.
Konqresin Silah İxracına Nəzarət Komitəsi xarici ölkələrə böyük silah satışını dayandırmaq səlahiyyətinə malikdir.
Lakin bunun üçün Senat və Nümayəndələr Palatası müvafiq qətnamə qəbul etməlidir.
Senator Polun qətnaməsi məhz belə qətnamələrdən biri idi.
Reuters qeyd edir ki, bu qanun artıq yarım əsrdir qüvvədə olsa da, bu müddətdə heç bir bu sayaq qətnamə səsvermədən və ya prezident vetosundan keçməyib.
İsveç və Finlandiya iki yüz ildir davam edən neytrallıq siyasətindən sonra NATO üzvlüyünə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra müraciət ediblər.
İsveçin NATO üzvlüyünü indiyədək Türkiyə və Macarıstan əngəlləyirdi.