
FETÖ-nün Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd etməsinə, dinc sakinlərin gülləbaran olmasına reaksiya verməyən Avropa Birliyi ölkələri TBMM-in 11 kürdəsilli millət vəkillərinin həbsinə etiraz edib.
Gununsesi.info-nun xəbərinə görə, toxunulmazlıqları ləğv olunduqdan sonra istintaqa könüllü ifadə verməkdən imtina edən kürdəsilli millət vəkilləri, eləcə də HDP həmsədri Səlahəddin Dəmirtaşın həbsi və evlərində axtarış aparılması Avropa Birliyini (AB) “əsəbləşdirib”. Belə ki, çağırışlara məhəl qoymayan, bu səbəbdən də zorla ifadə verməyə aparılan millət vəkillərinin həbsiylə bağlı AB ölkələri səfirlərinin fövqəladə iclası keçirilib.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Gununsesi.info-ya açıqlamasında AB-nin Türkiyəyə qarşı bu təpkisinin gözlənilən olduğunu vurğulayıb:
“Birincisi, bu həbslər gözlənildiyi kimi, həbsdən sonra Avropa Birliyi ölkələrindən Türkiyəyə olan təzyiqlər də gözlənilən idi. Bu hal mənə PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın həbs olunduğu illəri xatırladır. O zaman Abdullah Öcalan Keniyadan Türkiyəyə ekstradisiya edildikdən sonra Türkiyənin daxilində bir qrup radikalçılar qarışıqlıq yaratmaq istədilər. Eyni zamanda, Avropa Birliyi ölkələrində də PKK dəstəkçiləri Türkiyənin səfirlikləri qarşısında mitinq, piket, küşə yürüşləri təşkil etdilər. Hətta, müəyyən şəxslərə qarşı hücumlar da hazırladılar”.
O, qeyd edib ki, indi də eyni situasiya yaranıb, qarışıqlıq yaratmaq istəyirlər:
“Maraqlı tərəflər Türkiyədə problemlərin artırılmasını istəyirlər, amma bu, obyektiv bir prosesdir. Ona görə ki, həbs edilən millət vəkilləri faktiki olaraq, PKK terror təşkilatı ilə aralarında məsafə qoymamışdılar. Həmin şəxslər istintaqa gedib, suallara cavab verməmişdilər. Bu, faktiki terrora dəstəkvermənin nümayişi idi. Ona görə də Türkiyənin başqa variantı qalmamışdı. Bu həbslərə daha çox etiraz edən Almaniyadır.
Amma baxaq görək, Almaniyada belə hadisələr baş vesəydi, yəni, terrordan sonra həmin terror təşkilatını Almaniyanın deputatları dəstəkləsəydi, bu dövlət neyləyərdi? Əlbəttə, həmin deputatları istintaqa cəlb edərdi. Ancaq buna baxmayaraq , Almaniya özü hazırda ikili standartlardan çıxış edir. Türkiyə üçün isə bunu başqa cür qiymətləndirir. Bu baxımdan düşünürəm ki, Türkiyəyə qarşı müəyyən təzyiqlər, açıqlamalar, bəyanatar olacaq. Lakin inanmıram ki, bütün bunlar Türkiyə dövlətinin ədalət sisteminə təsir etsin.
Çünki onsuz da, Türkiyə müxtəlif istiqamətlərdə təhlükələrlə üzbəüzdür. Terrorla savaşır, PKK, YPG, PYD, üstəgəl də İŞİD terrorçularını, Suriya və İraqda hərbi əməliyyatlar keçirdiyi bir məqamda Türkiyə daxilindəki, terror təşkilatının “5-ci kolon”unu sərbəst buraxsaydı, bütün problemlərini daha da artırardı. Ona görə də Avropa Birliyinin bəzi ölkələrinin və digər beynəlxalq siyasi qurumların, eləcə də bir sıra ölkələrin Türkiyəyə qarşı edilən təzyiqlərinin bu dövlətin ədalət sisteminə təsir edəcəyini düşünmürəm”.
Qeyd edək ki, AB ölkələrinin Türkiyəyə qarşı fəaliyyət göstərən təşkilatlara açıq şəkildə dəstək verməsi, terror hadisələri qarşısında susması Türkiyə ilə sözügedən qurum arasında böhran yaradıb. Belə ki, AB Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti şöbəsinin rəhbəri Federika Mogereni AB ölkələri səfirlərini iclasa çağıraraq, “Twitter” sosial şəbəkəsindəki hesabında yazıb ki, “millət vəkillərinin nəzarətə götürülməsinə görə, narahatdır”.
AB Komissiyasının səlahiyyətli nümayəndəsi Cohannes Hahn ilə birlikdə yazılı açıqlama verən Mogereni: “Hadisələr Türkiyədəki parlament demokratiyasını riskə atır və ölkənin cənub-şərqindəki vəziyyəti daha da gərginləşdirir”- deyə, bildirib.
AB ölkələrinin öz ərazilərindəki Türkiyə səfirlərini çağırıb izahat tələb etməsinə gəlincə, bu işi ilk həyata keçirilən Almaniya olub. Türkiyə səfiri Berlində Xarici İşlər Nazirliyinə çağırılıb. Eyni proses Belçika, İsveç, Danimarka və Norveçdə də davam etdirilib.
Xatırladaq ki, Almaniya Federativ Respublikasının prezidenti Yoaxim Qauk bildirib ki, Türkiyədə baş verənlər onu təəccübləndirib. Alman nazir Mariya Böhmer isə Türkiyə Məclis qrupunu ziyarət edib. Avropa Parlamentinin (AP) sədri Martin Sults bildirib ki, Türkiyədəki hadisələr həmin ölkənin AB ilə münasibətini mübahisə mövzusuna çevirir.
ABŞ-ın Ankaradakı səfirliyi isə ABŞ rəsmisi Tom Malinovskinin “Twitter” sosial şəbəkəsində ingilis dilində paylaşdığı yazını türk dilinə tərcümə edərək bildirib ki, “millət vəkillərinin həbsi dost və müttəfiq olaraq onları dərindən narahat edir”.
Gülnaz Qənbərli
Gununsesi.info