Türkiyə AŞPA-ya adekvat cavab verdi – Politoloq

  • By admin
  • 11 Noyabr 2017 16:00


Türkiyənin AŞPA-nın maliyyələşdirilməsi üçün ayırdığı vəsaiti azaltması onun AŞPA-ya qarşı adekvat cavab addımıdır. Bundan Avropa strukturları, o cümlədən başda AŞPA olmaqla, nəticə çıxarmalıdırlar ki, onların kəskin addımlarının bütün hallarda adekvat cavabı olur.

Bu sözləri Gununsesi.info-ya politoloq Elşad Mirbəşiroğlu Türkiyənin AŞPA-ya ayırdığı vəsaitin həcminin azaldılmasının gələcəkdə onun üçün hansı mənfi nəticələrə səbəb olması ilə bağlı məsələni şərh edərkən deyib. O bildirib ki, bunun Türkiyənin fəaliyyətinin məhdudlaşdırılması və xarici siyasətinin müəyyən çərçivəyə salınması istiqamətində hər hansı bir mənfi təsiri olmayacaq:

“Hər şeydən öncə diqqət yetirmək lazımdır ki, Türkiyə nəyə görə AŞPA-ya maliyyə yardımını azaltmaq qərarına gəlib. Xatırlayırsınızsa, bir müddət öncə Avropa Şurası Parlament Assemblyasında Türkiyə ilə münasibətdə çox ədalətsiz qərarlar verilmişdi. Bundan öncə də müxtəlif Avropa strukturlarının Türkiyəyə münasibətində ikili standartlar özünü açıq şəkildə büruzə verirdi. Heç şübhəsiz ki, Avropanın Türkiyəyə qarşı olan bu addımlarının əsas səbəbi Ankaranın daha müstəqil siyasət yürütməsi ilə bağlıdır. Bildiyimiz kimi, Türkiyənin parlamentli idarəetmə üsulundan prezidentli respublikaya keçidi Avropada birmənalı qarşılanmadı və sərt reaksiyaya səbəb oldu. Bu da onunla bağlı idi ki, parlamentli idarəetmə zamanı Türkiyədə Ədalət və İnkişaf Partiyası dövrünə kimi koalision hökumətlər formalaşmışdı və Türkiyənin siyasətinin yönləndirilməsində müəyyən kənar güclərin təsiri olurdu. Amma prezidentli respublika dövründə Avropa və ABŞ-ın bu imkanları məhdudlaşacaq”.

Politoloq qeyd edib ki, bu baxımdan onlar Türkiyəyə münasibətdə sərt mövqe sərgiləməyə başladılar:

“Ona görə də Türkiyə bu addımı atması gözlənilən idi. Çünki AŞPA-ya münasibətdə Türkiyə onsuz da cavab reaksiyaları nümayiş etdirəcəklərini bəyan etmişdi. Bu da Türkiyənin adekvat cavab reaksiyasıdır. Bildiyimiz kimi, bundan öncə Rusiyada təşkilatdakı səsvermə hüququnun əlindən alınmasından sonra AŞPA-ya yardımı azaltmışdı. Bu Rusiyanın nə daxili mühitinə, nə də xarici siyasi gedişlərinə ciddi təsir göstərdi. Eynilə də Türkiyə üçün də bu addımın hansısa mənfi fəsadlar törədəcəyini düşünmürəm”.

Qeyd edək ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasının Baş katibi Torbyorn Yaqlanda göndərdiyi məktubda Türkiyənin artıq AŞPA üçün böyük donor olmaq istəmədiyini bildirilib.

 

Gununsesi.info